...

ABŞ-ın yəhudi icmasının nümayəndə heyəti fevralın 9-dan 13-dək Azərbaycana səfər edəcək

Siyasət Materials 7 Fevral 2006 11:16 (UTC +04:00)

ABŞ-ın yəhudi icmasının nümayəndə heyəti fevralın 9-dan 13-dək Azərbaycana səfər edəcək. Trend in xəbər verdiyi kimi, səfər zamanı nümayəndə heyəti xarici işlər naziri Elmar Məmmədyarov, dövlət strukturlarının nümayəndələri və QHT liderləri ilə görüşməyi planlaşdırır. Həmçinin, prezident İlham Əliyevlə də görüş nəzərdə tutulub.

Nümayəndə heyətinin tərkibinə ABŞ-ın ən iri yəhudi icmalarının nümayəndələri daxildir.

"Bu görüşlərdə məqsəd respublika rəhbərliyi ilə dialoq aparmaq üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Azərbaycan iri neft ixracatçısı kimi mühüm strateji, siyasi və iqtisadi əhəmiyyətə malikdir, ölkə kimi isə İranla həmsərhəddir. Bu mənada Azərbaycan islam ekstremizminin təzahürləri ilə mübarizədə mühüm rol oynayır. Biz dialoq yolu ilə ABŞ-ın yəhudi təşkilatları, Azərbaycan və İsrail arasında qarşılıqlı münasibətlərin gələcəkdə yaxşılaşacağına ümid edirik", - deyə təşkilatın sədri Harold Tanner və onun köməkçisi Malkolm Hoenleyn qeyd edib.

"Biz hər il bizim üçün mühüm əhəmiyyət kəsb edən dövlət və region seçirik. Əlbəttə, Azərbaycan bir çox məsələlərdə bizim üçün birinci dərəcəli əhəmiyyət daşıyır", - deyə onlar bildirib.

Təşkilatın direktor müavini Karolin Qrin isə qeyd edib ki, nümayəndə heyətinin səfər proqramı dolğun olacaq.

Səfər zamanı Bakı və Quba şəhərlərinin yəhudi icmasının nümayəndələri ilə fikir mübadiləsinin aparılması planlaşdırılır. Nümayəndə heyəti, həmçinin, Azərbaycanın "müsəlman liderləri" ilə də görüşəcək və dünyanın digər müsəlman dövlətlərinə nümunə olaraq İsraillə "müsbət əməkdaşlıq" məsələlərini müzakirə edəcək.

Daha sonra nümayəndə heyəti 4 günlük konfransda iştirak etmək üçün Yerusəlimə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti