...

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun Ankaraya rəsmi səfərinin proqramı müəyyən edilib

Siyasət Materials 7 Fevral 2006 17:19 (UTC +04:00)

Azərbaycanın Milli Məclisinin (parlamentin) spikeri Oqtay Əsədovun Ankaraya rəsmi səfərinin proqramı müəyyən edilib. Bu barədə Trend Türkiyə parlamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Fevralın 8-dən 11-nə kimi davam edəcək səfərin gedişində Azərbaycan parlamentinin sədri prezident Əhməd Necdət Sezər, spiker Bülənt Arınc, baş nazir Rəcəb Tayyıb Ərdoğan və XİN rəhbəri Abdulla Gül tərəfindən qəbul ediləcək.

Səfər Türkiyə parlamentinin spikerinin dəvəti ilə həyata keçirilir. Səfərin rəsmi proqramı fevralın 8-də və Bakı vaxtı ilə saat 17.00-da Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyinə səfərlə başlayır.

Sonra (17.45-də ) iki ölkənin spikerlərinin təkbətək görüşü olacaq və bundan sonra saat 18.00-da Azərbaycan parlamentinin nümayəndə heyətinin üzvlərinin iştirakı ilə geniş tərkibdə iclası keçiriləcək.

Saat 18.45-də Oqtay Əsədovun və Bülənd Arıncın birgə brifinqinin keçirilməsi nəzərdə tutulub.

Bundan sonra Oqtay Əsədovun Türkiyə parlamentinin üzvləri qarşısında (19.00-da) çıxışı gözlənilir. Sonra Azərbaycanın nümayəndə heyəti Mehmet Dülgərin başçılıq etdiyi Türkiyə parlamentinin xarici əlaqələr komissiyasının üzvləri ilə (19.15-də) görüşü nəzərdə tutulub.

Bakı vaxtı ilə saat 22.00-də Azərbaycan parlamentinin spikerinin şərəfinə şam yeməyi planlaşdırılıb. Şam yeməyi "Ankara Palas" qonaq evində veriləcək.

Fevralın 9-da Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan pardlamentinin nümayəndə heyətinin Türkiyə prezidenti Ə.N. Sezərlə görüşü olacaq.

Saat 11.45-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Haluk İpəklə görüş keçiriləcək.

Elə həmin gün, saat 16.00-da Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Türkiyənin xarici işlər naziri Abdulla Güllə görüş keçirəcəklər.

Saat 19.00-da nümayəndə heyəti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bununla da, O.Əsədovun Türkiyəyə rəsmi səfər proqramı başa çatacaq.

Xəbər lenti

Xəbər lenti