...

İqbal Ağazadə: "AXCP (i) ilə ADP-nin Müsavata aqressiv yanaşması başa düşüləndir"

Siyasət Materials 9 Fevral 2006 16:25 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar) (AXCP) ilə Azərbaycan Demokrat Partiyasının (ADP) Müsavatın təkrar seçkilərdə iştirak etməklə bağlı qərarına aqressiv yanaşması başa düşüləndir. Trend xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

İ.Ağazadə bunun səbəbini "Azadlıq" blokunda Müsavatın müttəfiqlərindən daha çox səs toplaması ilə bağlayıb: "Güman edirəm ki, müsavatçıların parlamentin işinə qatılması və bununla da müxalifətçi millət vəkillərinin sayının artması fəaliyyətimizi daha da gücləndirəcək". İ.Ağazadə müxalifətdən olan deputatların bir qrupda fəaliyyət göstərəcəklərinə ümid etdiyini bildirib.

Ümid Partiyasının sədri onu da vurğulayıb ki, müxalifətin parçalanmasını iddia etmək bir qədər səmimi deyil: "Çünki bu birlik 6 noyabr parlament seçkilərinə qədər də cəmiyyətin bütün təbəqələrini əhatə etmirdi. "Azadlıq" blokunun parçalandığı deyilsə daha düzgün olardı. Hesab edirəm ki, Müsavatsız bu blokun fəaliyyət göstərməsi bir qədər çətin olacaq. Müxalifət düşərgəsinin isə Müsavatsız fəaliyyət göstərməsi mümkündür", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti