Milli Məclisin sədri Oqtay Əsədov fevralın 16-da ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişi qəbul edib. Bu barədə Trend ə parlamentin mətbuat xidmətindən bildiriblər.
Görüşdə dövlətlərarası münasibətlər müzakirə edilib. Strateji əməkdaşlıq səviyyəsinə qalxan Azərbaycan-ABŞ əlaqələrinin dərinləşməsində dövlət başçılarımızın rolu yüksək qiymətləndirilib. Spiker parlamentlərarası əlaqələrin möhkəmlənməsi zəruriliyindən danışıb. O.Əsədov diqqəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək bu problemin sülh yolu ilə beynəlxalq normalar çərçivəsində həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan ABŞ-ın rəsmi Bakıya yardımçı olacağına əminliyini bildirib.
ABŞ səfiri R.Harniş ölkələrimiz arasında mövcud olan çoxtərəfli əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyini vurğulayıb.