...

ATƏT PA-dakı nümayəndə heyətimiz qurumun Azərbaycan üzrə məruzəçisi Qoran Lenmarkerlə görüşəcək

Siyasət Materials 17 Fevral 2006 16:19 (UTC +04:00)

ATƏT-in Parlament Assambleyasının (PA) fevralın 23-24-də Vyanada keçiriləcək 5-ci qış sessiyasında dünyada mövcud olan konfliktlər və yeni azlıqlar məsələsi əsas müzakirə obyekti olacaq. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rəbiyyət Aslanova bildirib.

R.Aslanova onu da qeyd edib ki, BMT-nin 2002-ci ilə olan məlumatına görə, dünyada miqrantların sayı 1950-ci ilin hesabatı ilə müqayisədə üç dəfə artıb. İlkin hesablamalara görə, dünyada 17 milyon miqrantın olduğunu deyən millət vəkili bir ölkədən digər ölkəyə miqrantların axınının güclənməsi ilə bağlı məsələnin müzakirəsinin vacibliyini qeyd edib: "Fransada 5 milyondan artıq ərəb miqrantı var, Almaniyada türk miqrantlar var, Nyu-Yorkda 6 milyon yəhudi miqrant yaşayır, İngiltərədə Cənubi Şərqdən gələn miqrantların sayı-hesabı yoxdur. Onların hüquqlarının genişlənməsi, yerli sakinlərlə bərabər səviyyədə tutulması Avropanı narahat edən məsələlərdəndir. Buna görə də bu məsələ Vyanada müzakirə ediləcək".

R.Aslanova onu da bildirib ki, assambleyanın üç komitəsində bir sıra məsələlər də müzakirə ediləcək, məruzəçilər təyin olunacaq. Millət vəkili onu da əlavə edib ki, Dağlıq Qarabağ problemi sessiyada iştirak edən 55 ölkənin deputatı üçün detallarına qədər açıqlanacaq. Ancaq R.Aslanova qurumun Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerin hazırladığı sənəddən narazı qaldıqlarını da ifadə edib: "Çünki məruzədə Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoyulub, çıxış yolları konkret izah edilmir". Millət vəkili Q.Lenmarkerlə bu dəfədə görüşəcəklərini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti