...

Hərbi qulluqçuların sosial müdafiəsi gücləndiriləcək

Siyasət Materials 17 Fevral 2006 17:14 (UTC +04:00)

Milli Məclisin müdafiə və təhlükəsizlik daimi komissiyası fevralın 17-də növbəti iclasını keçirib. Trend xəbər verir ki, iclasda "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihələri müzakirə olunub.

Milli Məclis sədrinin birinci müavini, adıçəkilən komissiyanın sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü ilə qanunlara təklif olunan əlavə və dəyişikliklər hərbçilərin birbaşa sosial müdafiəsinin gücləndirilməsinə yönələn humanist addımdır. "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" qanunun tətbiqi ilə əlaqədar "Hərbi qulluqçuların statusu haqqında" qanuna təklif olunan əlavədə deyilir ki, hərbi qulluqçular qan verdikdə həmin gün hərbi xidmətin bütün növlərindən azad olunurlar.

"Hərbi qulluqçuların statusu haqqında", "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Hərbi xidmət haqqında" qanunlara təklif olunan əlavə və dəyişikliklərdə hərbi qulluqçulara məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsi, müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyaların məbləğinin artırılması və s. güzəştlər nəzərdə tutulub. Mənzil kirayəsi üçün kompensasiya hərbi qulluqçuya şərti vahid maaş məbləğinin 25 mislindən, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizindən az olmayaraq veriləcək. Bundan başqa layihələrdə hərbi qulluqçular üçün yaşayış sahələrinin, eləcə də xidməti mənzillərin tikintisinin bu məqsədlər üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilməsi, hərbi rütbələrin verilməsi illərinin artırılması və digər müddəalar da öz əksini tapıb.

Adıçəkilən qanun layihələri parlamentin yaz sessiyasında təsdiqlənmək üçün müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti