...

Azərbaycanda xəstələrin müalicəsinə nəzarətdə yenilik tətbiq ediləcək

Cəmiyyət Materials 18 Aprel 2012 13:19 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi ölkənin bütün dövlət stasionar müəssisələrində müalicə edilən xəstələrin sağlamlıq vəziyyətinə və stasionarların fəaliyyətinə elektron formada nəzarət edəcək.
Azərbaycanda xəstələrin müalicəsinə nəzarətdə yenilik tətbiq ediləcək

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi ölkənin bütün dövlət stasionar müəssisələrində müalicə edilən xəstələrin sağlamlıq vəziyyətinə və stasionarların fəaliyyətinə elektron formada nəzarət edəcək.

Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə çərşənbə günü Trend-ə deyib ki, bu ilin yanvarından nazirliyin tabeliyindəki stasionar müəssisələrin elektron nəzarət sisteminin qurulmasına başlanılıb.

Bu elektron sistem vasitəsilə stasionarlarda yatan xəstələr barəsində tibbi məlumatlar - onların diaqnozları, xəstəxanada keçirdikləri müayinə və müalicələr barədə məlumatlar nazirliyin mərkəzi bazasına toplanılacaq. Bunun nəticəsində stasionar müəssisələrin fəaliyyəti ilə bağlı bir çox kriteriyalar üzrə analizlər aparmaq, onların fəaliyyətinin effektivliyini müəyyənləşdirmək mümkün olacaq.

Artıq bu sistemdəki məlumatların analizi sayəsində stasionar müəssisələrə nə qədər xəstənin daxil olması, daha çox hansı xəstəliyi olan insanların qəbul və müalicə olunması, hansı xəstəxanalarda daha çox xəstənin yatması, xəstələrin daha çox hansı xəstəliklər üzrə stasionar müəssisələrdə vaxt keçirməsi, hansı rayon və ya şəhərdə daha çox xəstənin olması barədə məlumatları müəyyənləşdirmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti