Azərbaycanda müəllim işləmək istəyənlərə yeni xəbər

Foto: Azərbaycanda müəllim işləmək istəyənlərə yeni xəbər  / Cəmiyyət

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2012/2013-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinə müəllimlərin işə qəbul olmaq istəyən namizədlər bu gündən başlayaraq imtahanların harada və nə vaxt keçiriləcəyini biləcəklər. Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu gün və sabah namizədlərin "Şəxsi səhifələri"nə imtahanların keçirilmə yeri və tarixi haqqında məlumat veriləcək. İmtahanların keçirilməsinə iyulun 23-dən başlanılacaq və avqustadək davam edəcək.

Bu il 3270 vakant müəllim yerinə işə qəbul olmaq üçün 15 500 nəfər sənəd verib. Vakant yerlərin 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıdakı, 32-si isə respublikanın digər rayon və şəhərlərindəki peşə liseylərindədir.

Qeyd edək ki, 2010-cu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələdə keçirilir.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir.

Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçirlər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

TN ötən il orta məktəblərdə 2000-dən çox vakant müəllim yeri üzrə müsabiqə elan etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

 
Ən çox oxunanlar
Xəbər lenti