...

Azərbaycanda 2 mindən artıq əcnəbinin işə cəlb edilmə qaydalarını pozan hüquqi və fiziki şəxslər cəzalandırılıb

Cəmiyyət Materials 2 Noyabr 2012 12:35 (UTC +04:00)
Azərbaycanda 2 mindən artıq əcnəbinin işə cəlb edilmə qaydalarını pozan hüquqi və fiziki şəxslər cəzalandırılıb.
Azərbaycanda 2 mindən artıq əcnəbinin işə cəlb edilmə qaydalarını pozan hüquqi və fiziki şəxslər cəzalandırılıb

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 2 mindən artıq əcnəbinin işə cəlb edilmə qaydalarını pozan hüquqi və fiziki şəxslər cəzalandırılıb. Trend-in məlumatına görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2012-ci il üzrə hesabatında bildirilir.

Həmin müddət ərzində insanların məcburi əməyə cəlb edilməsi ilə bağlı 2 cinayət faktı qeydə alınıb. Məcburi əmək hallarının müəyyən edilməsi məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları ilə birgə müxtəlif tikinti şirkətlərində, sənaye müəssisələrində və daş karxanalarında monitorinqlər davam etdirilib. Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə keçirilən 5.022 yoxlama nəticəsində, işçilərə gecikdirilmiş əmək haqları üzrə 305.880 manat, dəymiş zərərə görə 27.722 manat, habelə 22.155 manat məbləğində sosial müavinət və kompensasiyalar ödətdirilib. Müxtəlif inşaat sahələrində çalışan 10.845 işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilib.

Dövlət Miqrasiya Xidmətinin 484 obyektdə apardığı yoxlamalarla iki mindən çox əcnəbinin və vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi qaydalarını pozmuş 235 hüquqi və fiziki şəxs barəsində müvafiq tədbirlər görülüb.

Müxtəlif şirkətlərdə çalışan Türkiyə, Türkmənistan və Özbəkistan vətəndaşlarının məcburi əməyə cəlb edilməsi ilə bağlı daxil olmuş müraciətlərin araşdırılması zamanı - şikayətlərin əsasən əmək haqlarının gecikdirilməsi, tam ödənilməməsi və digər əmək mübahisələri ilə əlaqədar olduğu müəyyənləşib, qaldırılan bütün məsələlər qanunauyğun həllini tapıb.

Bununla bərabər, polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməyib.

Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə təhrik edən 200-ə yaxın valideyn barəsində qanunauyğun tədbirlər görülüb.

Baxımsız, eləcə də müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 100-ə yaxın uşağa və onların valideynlərinə "Uşaq hüquqları klinikası"nda, "Uşaq və gənclərin sosial reabilitasiyası mərkəzi"ndə hüquqi, psixoloji və digər yardımlar göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti