...

Azərbaycanın media təmsilçiləri Türkiyənin tanınmış media qurumlarında görüşlər keçiriblər (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2012 13:29 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Azərbaycanın media təmsilçilərinin Türkiyənin İstanbul şəhərinə səfəri davam edir.
Azərbaycanın media təmsilçiləri Türkiyənin tanınmış media qurumlarında görüşlər keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Azərbaycanın media təmsilçilərinin Türkiyənin İstanbul şəhərinə səfəri davam edir.

KİVDF-dən Trend-ə verilən məlumata görə, noyabrın 20-də media təmsilçiləri Türkiyənin məşhur çap və elektron media qurumlarında görüşlər keçiriblər.

"Sabah" qəzeti redaksiyasında keçirilən görüşdə qəzetin baş redaktoru Ərdal Şəfəq öncə rəhbərlik etdiyi redaksiyanın imkanları barəsində məlumat verib. O, "Sabah" qəzetinin hər gün 350 min tirajla çap edilərək satıldığını, həmçinin reklamdan yüksək gəlir götürdüklərini bildirib.

Ərdal Şəfəq Azərbaycanla bağlı xəbərlərə önəm verdiklərini, bu səbəbdən də Azərbaycanda nəşr edilən qəzetlərin internet səhifələrini mütəmadi olaraq izlədiklərini qeyd edib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli görüş zamanı Azərbaycan mediasının durumu barədə ətraflı məlumat verib. İcraçı direktor Azərbaycan jurnalistlərinin Türkiyə mediasına xüsusi önəm verdiyini vurğulayıb və bundan sonra da qardaş ölkənin mediası ilə əlaqələrin inkişaf etdiriləcəyini diqqətə çatdırıb.

Görüşün sonunda Ərdal Şəfəq nümayəndə heyətini redaksiyasının iş şəraiti ilə tanış edib.

Səfərdə olan media kapitanları "A Haber" televiziyasının redaksiyasında da olublar. Baş yayım direktoru Çingiz Ər nümayəndə heyətinə Türkəyədə televiziyaların durumu, xəbər əldə etmə və yayma imkanları, ümumilikdə mediaya münasibət barədə fikirlərini çatdırıb. Sonda o, nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb.

"Habertürk" qəzetinin redaksiyasında nümayəndə heyətini redaksiyanın koordinatoru Güntay Şimşək qarşılayıb. O, qəzetin maliyyə imkanları, reklam gəlirləri, yeni texnologiyalarla təchizatı barədə məlumat verib. Qeyd edib ki, "Habertürk" qəzeti oxucularda maraq oyatmaq üçün bütün imkanlardan istifadə edib və hətta ilk dəfə olaraq ətrli səhifələrdən istifadəni də tətbiq edib. O, yeni texnologiyanın mahiyyəti barədə qonaqlara geniş məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti