...

Fərhad Hacıyev: Azərbaycan Gənclər Fondu bəzi sahələr üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət ayıracaq (MÜSAHİBƏ)

Cəmiyyət Materials 19 Dekabr 2012 13:35 (UTC +04:00)
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin Trend-ə müsahibəsi
Fərhad Hacıyev: Azərbaycan Gənclər Fondu bəzi sahələr üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət ayıracaq (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin Trend-ə müsahibəsi

- Fond fəaliyyət göstərdiyi müddətdə hansı hədəflərə nail olub?

- Fond fəaliyyətinin ilk ilində bir sıra mühüm işləri görüb, ilk qrant müsabiqəsini elan edib, gənclərə və gənclər təşkilatlarına ideyalarını gerçəkləşdirmək üçün dəstək göstərib. Gənclər Fondu ilk dəfə olaraq gənclərin müraciətlərini elektron formada - sayt (www.youthfoundation.az ) vasitəsilə qəbul edib.

Azərbaycan Gənclər Fondu cənab Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı Fərmanı ilə yaradılmışdır. Fond qısa bir müddət ərzində bir sıra əhəmiyyətli məsələləri həll etmişdir. 8 iyun 2012-ci il tarixindən etibarən Gənclər Fondu rəsmən fəaliyyətə başlamışdır. Elə həmin tarixdə Fond ilk qrant müsabiqəsini elan etmişdir. Müsabiqə zamanı Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən gələn layihə təkliflərindən Müşahidə Şurasının qərarına əsasən A kateqoriyası üzrə 104, B kateqoriyası üzrə 16, C kateqoriyası üzrə isə 9 layihə seçilmişdir. Digər D və E kateqoriyaları üzrə isə mütəmadi olaraq müraciətlər qəbul olunmuşdur. D kateqoriyası üzrə 17 nəfər gənc beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmişdir. E kateqoriyasına rəsmi olaraq 4 müraciət gəlmişdir. Ümumilikdə, layihə müraciətlərinə əsasən fərdi gənclər və QHT-lər tərəfindən təqdim olunan layihələrə 4 580 798,932 manat istənilmiş, yekunda Müşahidə Şurasının qərarına əsasən bu məbləğ 1 920 820 manat olmuşdur. Fond Bakı ilə yanaşı, regionlarda da gənclər üçün məlumat xarakterli təqdimatlar keçirmiş, onlara Fonda müraciət və layihə təqdim etmə qaydaları barədə məlumat vermişlər. Regional təqdimatlarda işğal altındakı ərazilərdən olan gənclər də iştirak etmişlər. Həmçinin, gənclər təşkilatları və gənclər üçün info seminarlar da keçirilmişdir. Bu müddət ərzində gənclərin bizimlə əlaqə saxlamalarını sadələşdirmək və daha operativ fəaliyyət göstərə bilmək üçün Fondun saytının azərbaycan və ingilis dillərində hazırlamışıq. Ötən il ərzində Gənclər Fondu yerli və regional layihələrlə yanaşı, bir sıra beynəlxalq layihələri də maliyyələşdirmiş, beynəlxalq layihələr həyata keçirmişdir. İstanbulda keçirilmiş "Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu" mövzusunda forum, Vyanada keçirilmiş "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda forum, Bakıda keçirilmiş "Sərhədsiz gənclər əməkdaşlığı" adlı beynəlxalq forum və bu kimi digər böyük miqyaslı beynəlxalq tədbirlərə Gənclər Fondu dəstək göstərmişdir.

- Fond hansı istiqamətdə layihələri dəstəkləyib?

- Bu bir ildə yüzlərlə gənc və gənclər təşkilatları müxtəlif ideyalarla, təkliflərlə Fonda müraciət etmiş və Fonddan maliyyə dəstəyi almışdır. İlk qrant müsabiqəsi zamanı Gənclər Fondu 5 kateqoriya üzrə layihələrə dəstək göstərdi. Bunlar A, B, C, D və E kateqoriyaları idi. İstərdim bu kateqoriyalar barədə bir az ətraflı məlumat verim. A kateqoriyası üzrə biz regionlarda gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlərin inkişaf etdirilməsilə gənclər sahəsində sosial-ictimai fəallığının inkişafına dəstək verməyə çalışdıq. A kateqoriyası üzrə təqdim olunan layihələrdə əsas istiqamət kommunikativ vasitələr, yeni media və gənclər, liderlik məktəbləri, gənc liderlərin yetişdirilməsi, gənc kadrların peşəkarlığının artırılması və gənclərdə menecment bacarıqlarının inkişafı və ekoloji maarifləndirmə olmuşdur. B kateqoriyası üzrə Azərbaycanda xarici ölkələrin (minimum 5 ölkədən iştirakçı və 2 xarici QHT partnyor olmaqla) gənclərinin iştirakı ilə keçirilən tədbirlər, konfranslar, forumlar, həmçinin xarici ölkələrdə Azərbaycan gənclərinin iştirakı ilə keçirilən tədbirlər nəzərdə tutulmuşdur. Gənclərin intellektual və yaradıcı potensialının inkişaf etdirilməsi məqsədilə C kateqoriyası fəaliyyət göstərirdi və bu kateqoriya üzrə yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, animasiya və bədii filmlər, gənc ixtiraçılar və xüsusi istedadlara malik olan gənclərə dəstək layihələri həyata keçirildi. Digər D və E kateqoriyalarına gənclər il boyu müraciət edə bilərlər. D kateqoriyası gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi, E kateqoriyası isə yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi məqsədilə yaradılıb. Hal-hazırda Fonddan maliyyə dəstəyi almış layihələrin bir qismi başa çatmış, digər bir hissəsi isə önümüzdəki il də davam edəcək. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı, Fond tərəfindən də bir sıra tədbirlər reallaşdırılmışdır.

- Gələn il üçün AGF hansı yeni işləri görməyi planlaşdırır?

- Gənclər Fondu önümüzdəki ildə fəaliyyətini daha da genişləndirəcək. Fond müxtəlif telekanallarda intellektual Televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarxlar müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək. Bundan başqa, Fond bölgələrdə fəaliyyətlərin aktivləşdirilməsinə çalışacaq. Gənclər Fondunun fəaliyyəti internetdə, sosial şəbəkələrdə daha da aktivləşdiriləcək. Hal-hazırda Fondun saytında 254 gənclər təşkilati və 191 fərdi gənc qeydiyyatdan keçmişdir. Müxtəlif sosial şəbəkələrdə Gənclər Fondunun səhifəsi gənclər tərəfindən çox böyük maraqla izlənilir və gənclərdən çoxsayda müraciətlər, suallar, təkliflər ünvanlanır. Yaxın günlərdə Fond ikinci qrant müsabiqəsini elan edəcək və ikinci müsabiqənin prioritet sahələri və istiqamətləri qeyd olunacaq. Gəncləri və gənclər təşkilatlarını növbəti müsabiqədə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Gənclərimizi dövlətimiz tərəfindən onlar üçün yaradılmış bu imkanlardan istifadə edərək, dövlətimiz və cəmiyyətimiz üçün faydalı olmağa, ictimai fəaliyyətdə fəallıq göstərməyə çağırırıq.

- Siz gənclər arasında sorğu keçirildikdən sonra gəncləri maraqlandıran sahələrin fondun fəaliyyətində öz əksini tapacağını bildirmisiniz. Sorğunun nəticələri bəllidirmi və bu sorğunun nəticələrindən asılı olaraq, fondun fəaliyyəti ilə bağlı hansı dəyişikliklər baş verə bilər?

- Gənclər arasında keçirilmiş sorğunun nəticələri bəllidir. Bu sorğu vasitəsilə biz gənclərin Fonddan gözləntilərini və onları maraqlandıran sahələri öyrəndik. Sorğunun nəticələrinə əsasən biz ikinci qrant müsabiqəsinin istiqamətlərini, yeni prioritet sahələrini müəyyən etdik. Keçirilmiş sosial sorğunun nəticələrinə görə gənclər və idman sahəsində gənclərin təşəbbüslərinə, əlil gənclərlə bağlı görülən işlərə, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin ideyalarına və təkliflərinə, bölgələrdə fəaliyyətlərin daha da aktivləşdirilməsinə, region gənclərinin inkişafının təmin edilməsi üçün bölgələrdəki gənclər təşkilatları ilə birbaşa əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti