...

Azərbaycan əlyazmalarının böyük xəzinəsinin yaradılması təklif edilir

Cəmiyyət Materials 24 Dekabr 2012 15:32 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov bütün dünyada toplanmış əlyazmalarımızın böyük xəzinəsinin yaradılmasını təklif edir.
Azərbaycan əlyazmalarının böyük xəzinəsinin yaradılması təklif edilir

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov bütün dünyada toplanmış əlyazmalarımızın böyük xəzinəsinin yaradılmasını təklif edir.

Kərimov bazar ertəsi Trend-ə bildirib ki, belə bir təcrübəni artıq ərəblər ediblər. Onun sözlərinə görə, dünyada Azərbaycanla bağlı olan bütün əlyazmaların hamısının surətinin bir mərkəzdə toplanması çox yaxşı olardı. Bu mərkəz institutun nəzdində yaradıla bilər.

Kərimov hesab edir ki, bu halda əlyazmalarımız daha yaxşı tədqiq edilər. O, bu təklifini AMEA rəhbərliyinə bildirdiklərini də söyləyib.

Direktor əvəzi qeyd edib ki, yalnız Şərq ölkələrinin kitabxanalarında Azərbaycana aid 12 min əlyazma var. Ancaq bu sayın daha çox olduğu ehtimal edilir.

Kərimovun sözlərinə görə, Azərbaycan əlyazmaları Şərq ölkələrində, xüsusilə İran və Türkiyədə daha çoxdur. Avropanın bir çox ölkələrində, Almaniya, Böyük Britaniya, Fransa, hətta ABŞ kitabxanalarında da Azərbaycan əlyazmaları var.

"Xarici ölkələrdən əlyazmaların gətirilməsi üçün əvvəllər qadağalar olsa da, artıq bu qadağalar yoxdur. Hazırda əlyazmaların gətirilməsində əsas çətinlik maliyyə məsələləri ilə bağlıdır. Xarici ölkələrdə əlyazmalarımızın sayı çox olduğundan və onların əldə edilmə xərcləri yüksək olduğundan biz onları yalnız öz gücümüzlə əldə edə bilmirik", - institutun direktor əvəzi qeyd edib.

O bildirib ki, indiyədək əlyazmaların əldə edilməsində xarici ölkələrdə yaşayan həmvətənlərimizin, əlyazma həvəskarlarının köməyindən istifadə edilib. Ona görə də bu işlərin əksəriyyəti havayı başa gəlib. Ancaq bəzi kitabxanalar əlyazmanın bir səhifəsi üçün 5-10 avro istəyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti