...

"Səs" qəzetinin 22 yaşı tamam oldu

Cəmiyyət Materials 11 Yanvar 2013 16:09 (UTC +04:00)
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından 9 ay öncə fəaliyyətə başlayan "Səs" qəzetinin artıq 22 yaşı tamam olub.
"Səs" qəzetinin 22 yaşı tamam oldu

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından 9 ay öncə fəaliyyətə başlayan "Səs" qəzetinin artıq 22 yaşı tamam olub.

"Səs" qəzetinin yaranması, keçdiyi yol haqqında Trend-ə məlumat verən qəzetin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, "Səs" ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də isə dərc olunmağa başlayıb.

Quliyev bildirib ki, hazırda rəhbərlik etdiyi qəzet o dövrdəki hökumətə müxalif mövqedə olub.

"O dövrdə müxalif mövqe tutduğuna görə "Səs" qəzetinə çoxlu basqınlar olub, dəfələrlə müxtəlif şəxslər qəzetin redaksiyasını dağıdıb. O dövrdə "Səs" qəzeti çox çətinliklə nəşr olunurdu və ən çox tirajla çıxan qəzetlərdən biri idi - 30-35 min tirajla çıxırdı", - Quliyev deyib.

O vurğulayıb ki, "Səs" qəzeti sağlam ideyanın cəmiyyətə ötürülməsi üçün fəaliyyət göstərirdi, konkret olaraq o dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən ulu öndər Heydər Əliyevin verdiyi bütün qərarlar "Səs" qəzeti vasitəsilə cəmiyyətə çatdırılırdı.

"Səs" qəzetinin fəaliyyətinə ən gözəl qiyməti də məhz ulu öndər Heydər Əliyev vermişdi. Həmçinin, ulu öndər "Səs" qəzetinin modernləşməsi ilə bağlı öz tövsiyələrini vermişdi və biz bunu əsas tutaraq "Səs" qəzetinin fəaliyyətini modernləşdirmək istiqamətində də işlər apardıq", - Quliyev bildirib.

O qeyd edib ki, 1993-cü ildə ulu öndər hakimiyyətə gəldikdən sonra "Səs" qəzeti iqtidaryönlü bir qəzetə çevrilib.

Baş redaktor bildirib ki, sonrakı dövrlərdə "Səs" qəzeti daha da modernləşərək bazasında "Səs" informasiya agentliyi, onlayn televiziya da yaratdı. "Səs" qəzeti ümimilikdə ötən 22 il dövr ərzində böyük layihələr həyata keçirib. Vətəndaş cəmiyyətinin inkişafı üçün "Səs" qəzeti öz üzərinə düşən işi layiqincə yerinə yetirir.

"Azərbaycan Prezidenti İlham Əliyev "Səs" qəzetinə xüsusi diqqət yetirərək qəzetin 20 illiyi münasibətilə təbrik məktubu göndərdi və bizim əməkdaşlarımıza müxtəlif dövlət mükafatları verildi. Bunların hamısı ümumilikdə Azərbaycan dövlətinin mətbuata diqqət və qayğısının bariz nümunəsi kimi qeyd oluna bilər", - Quliyev bildirib.

O, əmin olduğunu vurğulayıb ki, bundan sonra "Səs" qəzeti daha geniş layihələrlə oxucuların diqqətində daim qalacaq.

Öz növbəsində, Trend İnformasiya Agentliyinin rəhbərliyi və kollektivi "Səs" qəzetini 22 illiyi münasibətilə təbrik edir və qəzetə gələcək fəaliyyətində uğurlar arzu edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti