...

Azərbaycanda bələdiyyə torpaqları ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Cəmiyyət Materials 25 Yanvar 2013 11:23 (UTC +04:00)
Milli Məclisdə 2013-cü ilin yaz ssessiyası ərzində bələdiyyə torpaqları ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək.
Azərbaycanda bələdiyyə torpaqları ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə 2013-cü ilin yaz ssessiyası ərzində bələdiyyə torpaqları ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək.

Trend-in məlumatına görə, Regional məsələlər komitəsinin cümə günü keçirilən iclasında Komitə sədri Arif Rəhimzadə bildirib ki, 2013-cü ilin yaz ssessiyası ərzində 5 qanunverici sənədin qəbul olunması nəzərdə tutulub.

Bunlar "Bələdiyyələrin hesabatları haqqında" yeni qanun, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna, Torpaq Məcəlləsinə, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə və "İnzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanuna dəyişikliklərdir.

Rəhimzadə bildirib ki, bələdiyyə torpaqlarının daha səmərəli istifadə edilməsi və onların mövsümi işlər üçün əhaliyə verilməsi məqsədi ilə bələdiyyələrə müəyyən səlahiyyətlər veriləcək. Qanuna dəyişiklik nəticəsində bələdiyyələr onlara məxsus torpağı 11 ay müddətində əhaliyə vermək hüququ əldə edəcəklər. "Bu məsələ yaxın vaxtlarda komitə və plenar iclasda müzakirəyə çıxarılacaq", - o, deyib.

Rəhimzadə iclasda bildirib ki, ötən il payız sessiyası ərzində şəhərlərdə yeni inzibati dairələrin yaradılması əhali-hakimiyyət dialoquna müsbət təsir göstərən amildir. Bu yaxınlaşma nəticəsində əhali öz problemlərini hakimiyyət nümayəndələrinə bildirir.

Bir sıra kənd və qəsəbələrə şəhər statusu verilməsi isə burada yeni iş yerlərinin açılması ilə əhalinin yaşayış səviyyəsinin artmasına şərait yaradır.

O qeyd edib ki, ötən dövr ərzində 10 şəhərdə 40 inzibati dairəl yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti