...

Azərbaycanda bütün notariat kontorları yaxın günlərdə elektron imzalara keçəcək

Cəmiyyət Materials 17 May 2013 17:02 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən bütün notariuslar yaxın günlərdə elektron imzalardan istifadə etməklə əməliyyatların həyata keçirilməsinə başlayacaqlar.
Azərbaycanda bütün notariat kontorları yaxın günlərdə elektron imzalara keçəcək

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanda fəaliyyət göstərən bütün notariat kontorları yaxın günlərdə elektron imzalardan istifadə etməklə əməliyyatların həyata keçirilməsinə başlayacaqlar. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov Ədliyyə Nazirliyi və "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin "Notariat sahəsində mövcud vəziyyət və aparılan islahatlar. Elektron xidmətlər" mövzusunda keçirdiyi "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, hazırda Ədliyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyi birgə böyük layihə hazırlayır. Belə ki, notariat kontorlarında daşınmaz əmlakla bağlı əməliyyat aparıldıqda elektron bazaya girərək müvafiq arayış əldə etmək mümkün olacaq: "Lakin hazırda bu məlumatların verilməsində çətinliklər mövcuddur, çünki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakla bağlı məlumatların elektron bazasını mükəmməl şəkildə formalaşdırmayıb. Buna baxmayaraq, məlumatların notariat kontorlarına ötürülməsi yaxın günlərdə həyata keçiriləcək. Məsələn, vətəndaş "Forma N1" arayışı üçün reyestr xidmətinə müraciət edirdisə, bundan sonra buna ehtiyac olmayacaq. Notariat kontorunda reyestr xidmətinin bazasına daxil olmaqla ona uyğun arayış veriləcək. Hazırda danışıqlar aparılır və qanunvericilikdə də müvafiq dəyişikliklər edilməlidir".

Soltanovun fikrincə, ümumiyyətlə, notariat kontorlarında yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir.

Xüsusi notariat kontorları ilə bağlı məsələyə gəlincə, o bildirib ki, hazırda ölkədə ümumi notariat kontorlarının 35%-dən çoxunu xüsusi notariat kontorları təşkil edir: "Qanunvericiliklə xüsusi notariat kontorlarının işinə heç bir məhdudiyyət qoyulmur. Onlar da dövlət notariat kontorları ilə eyni əməliyyatları həyata keçirəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti