...

Dövlət qulluğuna qəbul imtahanlarının vaxtı açıqlandı

Cəmiyyət Materials 31 May 2013 16:51 (UTC +04:00)
Dövlət qulluğuna qəbulla bağlı test imtahanları iyunun 6-dan başlayır.
Dövlət qulluğuna qəbul imtahanlarının vaxtı açıqlandı

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/

Dövlət qulluğuna qəbulla bağlı test imtahanları iyunun 6-dan başlayır.

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 16 aprel, 1 və 7 may 2013-cü il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 94 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 1005 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Aprelin 16-da və mayın 1-də elan edilmiş müsabiqələr üzrə qeydiyyat başa çatıb. Mayın 7-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə iyunun 6-da başa çatacaq.

İndiyə kimi qeydiyyatdan 5446 namizəd keçib.

Ən çox namizəd qeydə alınan dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (502 nəfər), Əmlak Məsələləri Dövlət Komitəsi (446 nəfər), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (429 nəfər), Təhsil Nazirliyi (394 nəfər), İqtisadi İnkişaf Nazirliyi (324 nəfər) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (390 nəfər) olub.

Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı ASAN xidmət mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda baş məsləhətçi vəzifəsi (250 namizəd), 2 saylı Bakı ASAN xidmət mərkəzi, Vətəndaşların hüquqlarının təminatı sektorunda baş məsləhətçi vəzifəsi (145 namizəd), Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsində aparıcı məsləhətçi vəzifəsi (215 namizəd), İqtisadi İnkişaf Nazirliyinin Daxili nəzarət şöbəsi, Daxili audit və monitorinq sektorunda aparıcı məsləhətçi vəzifəsi (145 namizəd), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsində aparıcı məsləhətçi vəzifəsi (133 namizəd), Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsi, Elmi-metodiki sektornda məsləhətçi vəzifəsi (117 namizəd) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi, Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunda məsləhətçi vəzifəsi (108 namizəd) üzrə olub.

Müsabiqənin test imtahanı 2013-cü il 6 iyun tarixdən ilk olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-7-ci təsnifatı üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər.

Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Test imtahanı" sistemi ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) ətraflı tanış ola bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;

2. qanunvericilik sahəsində - 40 test tapşırığı;

3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcək, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti