...

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu" mövzusunda beynəlxalq forum keçirilir

Cəmiyyət Materials 14 İyun 2013 16:16 (UTC +04:00)
Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu" mövzusunda beynəlxalq forum keçirilir.
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu" mövzusunda beynəlxalq forum keçirilir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu" mövzusunda beynəlxalq forum keçirilir.

Trend-in məlumatına görə, forumun açılışında Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin hər bir Azərbaycan vətəndaşının həyatında misilsiz rolu olub. O, qeyd edib ki, Heydər Əliyevin qayğısı nəticəsində gənclər siyasəti ölkədə prioritet məsələlərdən birinə çevrilib və bu gün Azərbaycan gəncliyi dövlət qayğısı ilə əhatə olunub: "Gənclər zamanın istənilən kəsimində böyük yaradıcı gücə malik olduğundan, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyi sığorta altına alınmış olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxışında bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. O, qeyd edib ki, gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb: "Azərbaycan gəncləri daim tolerantlığı, dözümlülüyü ilə seçilib, onlar hər zaman öz milliliyini qoruyub saxlamağı bacarıblar. Bu, məhz ulu öndər Heydər Əliyevin milli gənclər siyasətinin uğurla gerçəkləşməsinin nəticəsidir".

1983-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin sədrinin birinci katibliyinin müavini işləmiş Vladimir Uxov isə çıxışında qeyd edib ki, Heydər Əliyev görkəmli dövlət xadimi idi, həm Azərbaycanın, həm də SSRİ-nin inkişafına çox böyük töhfələr vermişdi. Uxov vurğulayıb ki, Heydər Əliyev öz adını tarixə Azərbaycan dövlətçiliyinin qurucusu, respublikanın müstəqilliyi, suverenliyi uğrunda mübariz kimi yazıb.

Meksikalı qonaq, səfir Antonio Duenas Pulido forumda çıxışında deyib ki, Azərbaycanın dövlətçilik tarixində dahi şəxsiyyət Heydər Əliyevin müstəsna yeri var: "Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib".

Sonra beynəlxalq forum çərçivəsində "Gənclər və şəxsiyyətlər: nəsillərin məsuliyyəti", "Müasir dünyanın mənzərəsi və şəxsiyyətlər" və "Xalqların formalaşmasında şəxsiyyətlərin rolu" mövzusunda panel iclaslar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti