...

Bakıda təcili yardım xidmətinin daha da sürətləndirilməsi ücün yeniliyin tətbiqinə başlanılıb

Cəmiyyət Materials 24 İyun 2013 14:48 (UTC +04:00)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) çağırışla bağlı məlumatların daha tez ötürülməsi və nəticədə briqadanın hadisə yerinə daha tez çatması məqsədilə daha bir yeniliyin tətbiqinə başlayıb.
Bakıda təcili yardım xidmətinin daha da sürətləndirilməsi ücün yeniliyin tətbiqinə başlanılıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) çağırışla bağlı məlumatların daha tez ötürülməsi və nəticədə briqadanın hadisə yerinə daha tez çatması məqsədilə daha bir yeniliyin tətbiqinə başlayıb.

Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev Trend-ə bildirib ki, bu məqsədlə Bakıdakı bütün təcili tibbi yardım briqadalarının planşetlərlə təmin edilməsinə başlanılıb.

Onun sözlərinə görə, mobil bir əlaqə vasitəsi olan planşetin istifadə edilməsinin əsas məqsədlərindən biri məlumatların ötürülməsi və mübadiləsidir.

O.Şahmalıyev deyib ki, çağırış haqqındakı məlumat kompyuterə daxil edildikdən sonra həmin məlumat ərazidən asılı olaraq, birbaşa aidiyyatı həkimə və ünvana ən yaxın yerdə olan briqadaya ötürülür. Bu mobil cihaz briqadaya səhv məlumatların ötürülməsinə də imkan vermir: "Məlumatların elektron yolla ötürülməsi nəticəsində insan amili aradan götürülür. Ola bilər ki, insan məlumatı bir-birinə ötürəndə hər hansı səhvə yol verə bilər. Bu səhv telefon nömrəsinin, binanının nömrəsinin düzgün ötürülməməsi ilə bağlı ola bilər. Məlumatlar elektron yolla ötürüldükdə artıq bu səhvin olması aradan götürülür".

Baş həkimin müavini deyib ki, çağırışların elektron qeydiyyatı aparıldıqda vahid məlumat (verilənlər) bazası da yaradılır. Onun sözlərinə görə, pasiyentlər barədə məlumatlar daim yaddaşda qalır. Buna görə də istənilən zaman həmin məlumatlardan təkrar istifadə etmək olar.

O.Şahmalıyev deyib ki, artıq BŞTTTYS-nin təcili tibbi yardım maşınlarının 70 faizi planşetlərlə təmin olunub. Qalan maşınlar da yaxın 2-3 ay ərzində bu yeni xidmətdən istifadə edə biləcəklər.

Baş həkimin müavinin sözlərinə görə, Bakının təcili tibbi yardım sistemi getdikcə təkmilləşdiriləcək.

O qeyd edib ki, artıq Bakıdakı təcili tibbi yardım maşınları üçün naviqasiya sistemi də fəaliyyət göstərir. Bütün briqadaların fəaliyyəti CPS vasitəsilə izlənilir. Bu da çağırışın yerinə yetirilməsinə çox böyük kömək göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti