...

Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb

Cəmiyyət Materials 27 Avqust 2013 17:02 (UTC +04:00)
Təhsil Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb.
Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub. Sentyabr ayında 14 nömrəli Bakı Peşə Məktəbində KNAUF şirkətinin dəstəyi ilə "Quru inşaat ustası", 18 nömrəli Bakı Peşə Liseyində BOSCH şirkətinin dəstəyi ilə "Dülgər, xarrat-parket ustası" və "Eldar studio" şirkətinin dəstəyi ilə "Bərbər" ixtisası üzrə siniflər, 4 nömrəli Bakı Peşə Liseyində isə Belarus hökumətinin dəstəyi ilə "Elektrik-qaz qaynaqçısı" ixtisası üzrə Resurs Mərkəzi açılacaq.

Bu ilin sonuna kimi 14 nömrəli Bakı Peşə Məktəbində tikinti sahəsində ixtisaslaşmış və dünyanın ən böyük şirkətləri sırasında olan CCC (Konsolidayted Konstraktors Kompani) şirkəti ilə birlikdə tikinti sahəsi üzrə Resurs Mərkəzinin açılması nəzərdə tutulub. Resurs Mərkəzində elektrik qaz qaynaqçısı, boru kəmərlərinin quraşdırılması, çilingər-santexnik ixtisasları üzrə kadrlar hazırlanacaq və ölkəmizin peşə təhsili sistemində ilk dəfə onlara beynəlxalq ixtisas dərəcəsi veriləcək. Qeyd olunan mərkəzdə təhsil prosesinin təşkilində beynəlxalq ekspertlər də iştirak edəcəklər. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti