...

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilir

Cəmiyyət Materials 14 Sentyabr 2013 12:15 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İzzət/

Bu gün Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilib.

Trend xəbər verir ki, konqresin rəsmi açılışında çıxış edən ARGTMŞ-nın sədri Şahin Seyidzadə bildirib ki, konqresin keçirilməsi haqqında təşəbbüs ilk dəfə 2012-ci ilin noyabrında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı müsbət qarşılanıb: "Tədbirin keçirilməsində məqsəd ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirmək, fəaliyyətdə olan bütün gənclər təşkilatlarını birləşdirərək həyata keçirilən gənclər siyasəti haqqında, gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin səmərəli mexanizmlərinin yaradılması haqqında fikir mübadiləsi aparmaqdır. Konqresə 200-ə yaxın nümayəndə dəvət edilib. Ümid edirəm ki, bu konqres ənənəvi hal alaraq gələcəkdə daim keçiriləcək."

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, belə bir konqresin keçirilməsinə zərurət yaranıb: "Azərbaycanda son illər gənclər təşkilatlarının sayı 10 dəfə artaraq 250-yə çatıb. Onlar çoxlu sayda layihələr həyata keçirirlər. Bugünki konqresin keçirilməsində məqsədlərdən biri də təşkilatların gələcək fəaliyətini və onların həyata keçirdikləri layihələri müzakirə etməkdir".

Konqresdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek qeyd edib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasətini müsbət dəyərləndirib və bu işin davam etdirilməsinin vacibliyini vurğulayıb: "Azərbaycan hökumətinin gənclərin ictimai-siyasi proseslərdə, sosial layihələrdə iştirakına yaratdığı şəraiti alqışlayırıq. Gənclər ölkənin gələcəyidir və ölkədə baş verəcək islahatların arxasında duran ən böyük qüvvədir. Azərbaycanda bunun təbii səbəbləri də var. Çünki Azərbaycanda əhalinin üçdə biri gənclərdən ibarətdir".

Konqresdə gənclər təşkilatları ilə yanaşı, hökumət, parlament, BMT-nin nümayəndələri iştirak edir. Bakının və ölkənin 11 regionundan 200-dən artıq gənclər təşkilatlarının təmsil olunduğu konqresdə müxtəlif mövzularda panel görüşləri də keçiriləcək. Sonda iştirakçılar adından bəyanat qəbul ediləcək və iştirakçılara şəhadətnamələr veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti