...

"Thomson Reuters": Azərbaycan alimlərinin məqalələri azlıq təşkil edir

Cəmiyyət Materials 6 Noyabr 2013 14:20 (UTC +04:00)
Beynəlxalq elmi jurnal olan "Thomson Reuters"də Azərbaycan alimlərinin məqalələri azlıq təşkil edir.
"Thomson Reuters": Azərbaycan alimlərinin məqalələri azlıq təşkil edir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Beynəlxalq elmi jurnal olan "Thomson Reuters"də Azərbaycan alimlərinin məqalələri azlıq təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə ilə görüşündə "Thomson Reuters" agentliyinin nümayəndələri deyib.

Görüşdə Azərbaycan alimlərinin dünyada elmi informasiya institutu kimi məşhur olan xarici şirkətlə əməkdaşlıq təcrübəsinin artırılması imkanları müzakirə edilib.

AMEA rəhbəri bildirib ki, Azərbaycan elmi ictimaiyyətinin sözügedən qlobal elmi bazaya çıxış təcrübəsi o qədər də ürəkaçan deyil. Təcrübənin azlığı ölkə alimlərinin elmi nailiyyətlərinin müəyyən qədər kölgədə qalmasına və beynəlxalq elm ictimaiyyətinə lazımi səviyyədə çatdırılmamasına gətirib çıxarıb.

"Thomson Reuters"in strateji əməkdaşlıq üzrə meneceri Filip Pörnel və departament rəhbəri Şahruz Şarifrazi qeyd ediblər ki, "Thomson Reuters"də Azərbaycan alimlərinin məqalələri həqiqətən azlıq təşkil edir. Mövcud vəziyyət bu ölkənin yeraltı sərvətləri, yerüstü təbiəti, enerji ehtiyatları, coğrafiyası və digər sahələrdə məlumatlarına ehtiyac yaradıb. Qonaqlar bu çatışmazlığı aradan qaldırmaq istiqamətində AMEA ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Görüşdə razılığa gəlinib ki, yaxın gələcəkdə beynəlxalq şirkətin mütəxəssisləri tərəfindən Azərbaycan alimlərinə qlobal elmi bazaya çıxış təcrübəsi keçilməsi məqsədi ilə xüsusi təlim, seminar və kurslar təşkil olunsun. Bu cür tədbirlərin ABŞ və Türkiyədə, həmçinin internet vasitəsi ilə keçirilməsi nəzərdə tutulub.

Bütün bu təşəbbüslərin rəsmiləşdirilməsi və reallaşdırılması məqsədi ilə "Thomson Reuters"in rəhbərliyini Azərbaycana dəvət etmək, bu işləri respublika hökumətinin dəstəyi ilə planlaşdırmaq məqsədəuyğun hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti