...

ADA-da III Ənənəvi Beynəlxalq Festival keçirildi (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2013 18:45 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatlarının əməkdaşları və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən ADA-da təhsil alan beynəlxalq və yerli tələbələrlə birgə III Ənənəvi Beynəlxalq Festival keçirib.
ADA-da III Ənənəvi Beynəlxalq Festival keçirildi (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatlarının əməkdaşları və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən ADA-da təhsil alan beynəlxalq və yerli tələbələrlə birgə III Ənənəvi Beynəlxalq Festival keçirib.

ADA-dan Trend-ə verilən məlumata görə, festivalın keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında diqloq yaratmaqdır.

Festivalda Argentina, Bolqarıstan, Çin, Almaniya, Yunanıstan, Əfqanıstan, İraq, İsrail, İordaniya, Koreya Respublikası, Latviya, Norveç, Pakistan, Fələstin, Qətər, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, İsveçrə, Tacikistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Özbəkistan səfirliklərinin əməkdaşları iştirak edərək öz ölkələri, tarixləri, milli mətbəxləri və mədəniyyətləri ilə tədbir iştirakçılarını tanış ediblər.

Qeyd edək ki, festival zamanı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan haqqında məlumat masası, Azərbaycan milli rəqsləri və Azərbaycan milli geyimləri də nümayiş etdirilib.

Festival iştirakçılarını salamlayan ADA-nın rektoru Hafiz Paşayev qeyd edib ki, bu tədbir nəinki ADA, eləcə də bütün Azərbaycanda mədəniyyətlərarası harmoniya və tolerantlığın mövcud olduğunun bariz nümunəsidir.

350-dən artıq insanın iştirak etdiyi festival zamanı ADA tələbələrinin Ümumdünya Diabetlə Mübarizə Gününə öz töhfələrini vermələri məqsədilə festival zamanı bir sıra tərəfdaşların dəstəyi ilə oyunlar təşkil olunaraq ianələr toplanıb.

Tədbir daha sonra konsertlə proqramı ilə davam edib. Konsert zamanı müxtəlif ölkələrin nümayəndələri rəqs, mahnı ifa edib, öz mədəniyyətlərini tərənnüm edən səhnəciklər nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti