...

Prezident İlham Əliyev jurnalistlərin dostu, azad mediamızın hamisi, demokratik inkişafın qarantıdır

Cəmiyyət Materials 26 Noyabr 2013 18:06 (UTC +04:00)
Qlobal transformasiya dövrünü yaşadığımız dünyada siyasi və fikir plüralizmi, sürətli demokratik və sosial-iqtisadi inkişafı, müstəqil mediası, eyni zamanda, milli tərəqqisi, multi-etnik və çoxkonfessiyalı xüsusiyyəti, multikulturalist həyat tərzi ilə fərqlənən Azərbaycan Respublikasının mətbuat tarixinə daha bir möhtəşəm hadisə yazıldı.
Prezident İlham Əliyev jurnalistlərin dostu, azad mediamızın hamisi, demokratik inkişafın qarantıdır

Bəhruz Quliyev, "Səs" qəzetinin Baş redaktoru

Qlobal transformasiya dövrünü yaşadığımız dünyada siyasi və fikir plüralizmi, sürətli demokratik və sosial-iqtisadi inkişafı, müstəqil mediası, eyni zamanda, milli tərəqqisi, multi-etnik və çoxkonfessiyalı xüsusiyyəti, multikulturalist həyat tərzi ilə fərqlənən Azərbaycan Respublikasının mətbuat tarixinə daha bir möhtəşəm hadisə yazıldı. Son illər ərzində ölkəmizin daxili və xarici siyasətini praqmatik şəkildə reallaşdıran "Jurnalistlərin dostu" - Prezident İlham Əliyev ağır iş qrafikinin olmasına baxmayaraq, noyabrın 24-də, bazar günü Azərbaycanın media rəhbərlərini qəbul etdi, fikirlərini dinlədi və xalqımızın milli maraqları naminə gələcək fəaliyyətə istiqamətlənmiş göstəriş və tövsiyələrini verdi...

DOSTUMUZUN fəaliyyəti görüşün səbəbi idi

Görüşdə qeyd olunduğu kimi, Prezident İlham Əliyev ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzetinin, 6 jurnalın, 11 informasiya agentliyinin, 12 xəbər portalının, 7 telekanalın, 4 radionun və 11 jurnalist təşkilatının rəyi əsasında ikinci dəfə "Jurnalistlərin dostu" seçildi. Və bu seçimin fundamental əsaslarının olması reallıqdır, obyektiv faktdır. Bu mənada DOSTUMUZUN fəaliyyəti görüşün əsas səbəbi idi. Çünki, Prezident İlham Əliyevin həyata keçirdiyi rasional daxili və xarici siyasət ölkəmizin hərtərəfli inkişafını təmin etməklə yanaşı, postsovet məkanında ən azad və müstəqil medianın formalaşmasına təkan verib.

Təkzibolunmaz faktdır ki, Azərbaycanda mətbuat XIX əsrdə yaransa da, onun tam şəkildə müstəqil dövlətçilik maraqlarına xidmət etmək funksiyası yalnız XX əsrin sonlarında reallığa çevrilib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi. 1998-ci ildə isə senzuranın ləğvi müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və "dördüncü hakimiyyət" funksiyasını həyata keçirən real gücə çevrildi. Məhz, bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı, hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnən mediamız həmin dövrdə tranzitar dövlət kimi müstəqil Azərbaycanın atributuna çevrildi.

Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildə dövlət başçısı seçilməsindən sonra milli mətbuatımız keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi. Gərgin əmək fəaliyyətilə seçilən jurnalistlər üçün fəxri adlar bərpa edildi, milli mətbuatımızın yaranma tarixi ardıcıl şəkildə qeyd olunması davam etdirildi, KİV-lətin inkişafına dövlət dəstəyi Konsepsiyası qəbul edildi və azad mətbuatımızın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Fond yaradıldı. Eyni zamanda, dünyada ilk dəfə olaraq, Azərbaycanda jurnalistlərin mənzil problemi həll edildi, jurnalist şəhərciyinin salınması üçün maliyyə vəsaiti ayrıldı. Bütün bunları nəzərə alaraq, Azərbaycanın mətbuat tarixinə "qızıl hərflər"lə yazılmış addımların atılmasının təşəbbüskarı olan Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsinin tam reallığı əks etdirdiyini əminliklə deyə bilərik.

Demokratik inkişafın açarlarından biri azad mətbuatdır

Əlbəttə ki, hakimiyyətin Azərbaycanda müstəqil medianın inkişafında maraqlı olmasının əsas səbəbi dövlətimizin inkişaf etmiş ölkə kimi bərqərar olmasıdır. Daha doğrusu, Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının demokratik dəyərlərlə uyğunlaşdırılması birbaşa olaraq, müstəqil mediadan asılıdır. Çünki, azad mətbuat demokratik inkişafın açarlarından biri olduğu üçün vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli gücün keyfiyyət komponenti kimi ictimai rəyin istiqamətləndirilməsində, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının reallaşdırılmasında, ölkə ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğ edilməsində xüsusi rola malikdir.

Həmçinin, bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının, maliyyə kütləsinin 80-90 faizini əlində cəmləşdirən Azərbaycanda reallaşdırılmış iqtisadi və siyasi reformalar insanların hüquq və azadlıqlarının təmin edilməsinə, sosial rifah halının yüksəlməsinə səbəb olduğu kimi, demokratik tranziti də labüdləşdirir. Artıq bu mərhələdə medianın istiqamətləndirilməsi, gücləndirilməsi və nəhayət, demokratik dəyərlərin cəmiyyətdə oturuşmasına nail olmaq hədəfi reallaşdırılır. Məhz, bu məqamda mətbuatın üzərinə düşən mühüm vəzifələr gündəmə gəlmiş olur.

Vətənpərvərlik, peşəkarlıq, məsuliyyət - ümumi işin əsas cəhətləri

Qeyd edək ki, XXI əsrin internet dövrü olduğunu nəzərə alsaq, o zaman, Azərbaycan mediasının qarşısında mühüm vəzifələrin durması reallığa çevrilir. Çünki, ölkəmizin əldə etdiyi nailiyyətləri heç də bütün qüvvələr sevinc hissilə qəbul etmirlər. Xüsusilə də, bu gün Azərbaycanın güclənməsindən narahat olan dünya erməniçiliyi, erməni lobbisi, onların təsiri altında olan anti-Azərbaycançı mərkəzlər, "beşinci kalon" ölkəmizə qarşı total qarayaxma kampaniyası aparır ki, bu da son dövrlər ərzində daha da güclənib.

İnternet medianın inkişafı, sosial şəbəkələrin insanların həyatının ayrılmaz virtual elementinə çevrilməsi adları çəkilən anti-milli qüvvələrin fəaliyyətinin təsirinin yox edilməsi istiqamətində milli mətbuatımızın üzərinə böyük missiya qoyur. Həmin missiyanın reallaşdırılmasında isə vətənpərvərlik, peşəkarlıq və məsuliyyət ümumi işin əsas cəhətləri olmalıdır. Yəni, hər bir jurnalist ilk növbədə, vətənpərvər olmalıdır ki, sonrakı iki cəhəti reallaşdıra bilsin. Çünki, vətənpərvər jurnalist siyasi mövqeyinə baxmadan Azərbaycan xalqının və dövlətinin milli maraqlarına xidmət edən yazılar dərc edəcək, anti-Azərbaycançı mərkəzlərin kampaniyasının alt-üst olmasına öz töhfəsini verəcək. Mətbuatımızın müəyyən hissəsinin siyasi partiyalarla bağlı olmasına baxmayaraq, ölkədaxili məsələlər elə öz aramızda müzakirə edilməli və çıxış yolu tapılmalıdır. Əks halda, Azərbaycanın daxili işlərinə qarışmaq istəyən və bundan siyasi-iqtisadi divident əldə etmək niyyətini güdənlər demokratik ölkəmizin imicinə zərbə vurmağa çalışacaqlar. Prezident İlham Əliyev media mənsubları ilə görüşündə eyni məsələ ilə bağlı xüsusi olaraq, vurğulayıb ki, media mənsubları, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər: "Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq".

Təbii ki, nəzərə almaq lazımdır ki, nə qədər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb, eyni zamanda, Azərbaycan regionun aparıcı dövləti kimi transmilli layihələr reallaşdırır o qədər də ölkəmizə qarşı infohücumlar daha da artacaq. Bu mənada qeyd edilməlidir ki, hər bir jurnalist hər şeydən öncə vətənpərvər olmalıdır, sonra isə peşəkarlıq və məsuliyyətlə işinə yanaşmalıdır.

Media cəmiyyətin güzgüsü olmalıdır

Milli mətbuatın əsas vəzifələrindən biri də əlbəttə ki, onun ölkə daxili məsələlərə "güzgü tutmasıdır". Əslində, bu gün demokratik, müasir dəyərlərə uyğun cəmiyyət formalaşdırmaq istəyiriksə, o zaman, mətbuatın gücündən və imkanlarından istifadə edilməlidir. Yəni, media mənsubları sosiumun çatışmazlıqlarını üzə çıxarmalı, ictimai müzakirəyə təqdim etməli və bununla da, problemin ümumi razılıq prinsipi əsasında həllini ortaya qoymalıdır. Məhz, budur əsil konsolidasiyalı demokratiya, vətəndaş cəmiyyəti və müasir media.

Media nümayəndələrilə görüşündə bu məsələyə də xüsusi toxunan "Jurnalistlərin dostu" bir daha vurğuladı ki, cəmiyyətdə mövcud olan problemlərlə bağlı media daim öz sözünü deməlidir: "Dövlət maraqlarının təmin edilməsi, o cümlədən nöqsanların aşkarlanmasından keçir. Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatlar vardır. Mən bunu alqışlayıram. Xüsusilə, bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir. Milli mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmaması - bütün bunlar diqqət çəkir. Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir və istər-istəməz müsbət təsir göstərir. Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq. Mən hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir. Ümid edirəm ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaqdır. Hər halda biz buna çalışırıq, çalışmalıyıq".

Varislik qorunmalı və cəmiyyətə xidmət amalına əməl edilməlidir

Milli maraqlara xidmət edən vəzifələrin reallaşdırılması üçün qeyd olunan cəhətlərlə yanaşı, xalqımızın milli-mənəvi dəyərlərindən irəli gələn varislik prinsipi də qorunmalıdır. Yəni, jurnalistika sahəsi daim yeniləndiyindən gənc media mənsubları ahıl mətbuat işçilərilə məsləhətləşməli, onların dəyərli fikirlərini almalı və cəmiyyətə xidmət amalına əməl etməlidirlər. Bu isə sonda sosiumu mənəvi kodekslərə zərbə vurmaq gücündə olan informasiyaların ictimaiyyətə təqdim olunması riskindən xilas edəcək.

Bu bir reallıqdır ki, hazırda populyarlıq və ulduz xəstəliyinə tutulmuş bəzi "jurnalistlər" diqqəti cəlb etmək üçün mənəvi və siyasi-hüquqi yükünü anlamadan ictimaiyyətə reallıqdan uzaq informasiyalar təqdim edirlər. Hətta, bəzən elə hallar olur ki, hər hansı mənbəyə istinadı olmayan məlumat cəmiyyətdə ajiotaj yarada və qısamüddətli zədələrin ortaya çıxmasına səbəb ola bilər. Ona görə də, jurnalistlər xüsusi məqsədlər naminə yayılmış informasiyaları dəqiqləşdirməli, sonra isə emal edərək yaymalıdır.

Demokratik cəmiyyət quruculuğu davam edir. Biz bu prosesdə haradayıq?

Bir sözlə, milli medianın inkişafı fonunda Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda demokratikləşmə prosesi sürətlə davam edir. Bu prosesin yüksək nəticələr verməsi üçün dövlət başçısı bütün imkanları səfərbər edib. Xüsusilə də, medianın problemlərinin aradan qaldırılmasına diqqət yetirən Prezident İlham Əliyev bundan sonra da jurnalistlərin çatışmazlıqlarını aradan qaldıracaq, ümumilikdə, media sektorunun inkişafı üçün dövlətin dəstəyini daha da artıracaq. Görünən odur ki, Azərbaycanda demokratik cəmiyyət quruculuğu uğurla davam edir. Lakin, bu prosesdə media mənsubları harada olduğunu bir daha müəyyənləşdirməlidir. Çünki, biz jurnalistlərin üzərinə düşən vəzifələrin reallaşdırılmasından asılı olaraq, ölkənin gələcək inkişaf istiqamətləri formalaşacaq. Siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün jurnalistlər ölkəmizin və xalqımızın milli maraqlarına xidmət edən işlərə qələmlərilə dəstək verməli, jurnalistlərin DOSTU, azad mediamızın HAMİSİ və demokratik inkişafın QARANTI Prezident İlham Əliyevin etimadını doğrultmalıdır. Əks halda, müstəqilliyimizin möhkəmləndirilməsi üçün müqəddəs vəzifənin həyata keçirilməsi işində yubanmış olarıq...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti