...

Bakıda son iki ayda dəm qazından zəhərlənmələrlə bağlı 200-ə yaxın çağırış olub

Cəmiyyət Materials 5 Dekabr 2013 11:48 (UTC +04:00)
Son günlər Bakıda dəm qazı ilə zəhərlənmələrin sayı artıb.
Bakıda son iki ayda dəm qazından zəhərlənmələrlə bağlı 200-ə yaxın çağırış olub

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İzzət/

Son günlər Bakıda dəm qazı ilə zəhərlənmələrin sayı artıb.

Belə ki, son iki ay ərzində dəm qazından zəhərlənmələrlə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 192 çağırış daxil olub. Bu zaman 143 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova bildirib.

Baş həkimin sözlərinə görə, bu ilin oktyabr ayında dəm qazından zəhərlənmə ilə bağlı stansiyaya 65 müraciət daxil olub. Onlardan 50 halda xəstələr xəstəxanaya yerləşdirilib.

Noyabr ayında isə 127 zəhərlənmə qeydə alınıb. Bu zaman 93 nəfər xəstəxanaya yerləşdirilib: "Xəstəxanaya aparılmayanların xəstəlik dərəcəsi nisbətən yüngül olduğundan onlara yerində yardım göstərilir, sistem qoyulur, oksigen verilir. Ölənlərə gəlincə, biz onları qeydə ala bilmirik. Onu artıq polis araşdırır. Əgər vanna otağında kimisə ölmüş halda tapırıqsa, onu polisə təhvil veririk. Çünki imitasiya ola bilər. Kimsə şəxsi öldürüb onu vanna otağına qoya bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti