...

İnam Kərimov: Artıq "ASAN xidmət"i könüllülərsiz təsəvvür etmək olmaz

Cəmiyyət Materials 19 Dekabr 2013 11:30 (UTC +04:00)
"Vətəndaşların yüksəksəviyyəli və keyfiyyətli xidmət alması bizim üçün vacib məsələdir. "ASAN xidmət" mərkəzlərində "vətəndaş həmişə haqlıdır" prinsipi qorunub saxlanır".
İnam Kərimov: Artıq "ASAN xidmət"i könüllülərsiz təsəvvür etmək olmaz

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İ.İzzət/

"Vətəndaşların yüksəksəviyyəli və keyfiyyətli xidmət alması bizim üçün vacib məsələdir. "ASAN xidmət" mərkəzlərində "vətəndaş həmişə haqlıdır" prinsipi qorunub saxlanır". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Bakıda keçirilən ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxışı zamanı deyib.

İ.Kərimov bildirib ki, artıq "ASAN xidmət"i könüllülərsiz təsəvvür etmək olmaz: "Könüllülük fəaliyyəti qanunvericiliklə tənzimlənir. Könüllülər "ASAN xidmət"də təlimlərə cəlb olunur. Artıq minə yaxın könüllü əldə etdiyi təcrübə nəticəsində həm "ASAN xidmət"də, həm də digər dövlət qurumlarında işə cəlb olunur".

Onun sözlərinə görə, artıq hər bir "ASAN xidmət"də 80-100 könüllü fəaliyyət göstərir: "Bu qurultayın keçirilməsi çox sevindiricidir. Könüllülərin gələcək fəaliyyətində hansı zəruri tədbirlərin görülməsi lazım gələrsə, həyata keçirəcəyik".

Qurultayda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu təşkilat qısa zamanda cəmiyyətdə layiqli yerini tutub: "Bir müddət əvvəl cəmiyyətdə könüllülük xidməti haqqında təsəvvür yox idi. Lakin son zamanlar keçirilən tədbirlər nəticəsində könüllülərin sayı artdı".

Nazir müavini onu da qeyd edib ki, Azərbaycanda mötəbər tədbirlər
keçiriləcək. Bunlardan biri də Avropa Olimpiya Oyunlarıdır: "Ona qədər könüllülər peşəkarlığını artırmalıdırlar ki, onlara veriləcək sualları cavablandırmağa həmişə hazır olsunlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti