...

Bakıda "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2013 13:10 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkilatıçlığı ilə "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda konfrans keçirilib.
Bakıda "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkilatıçlığı ilə "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, ombudsman Elmira Süleymanova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, millət vəkili Fazil Mustafa, dövlət qurumlarının mətbuat katibləri, agentlik və qəzet rəhbərləri iştirak ediblər.

V.Səfərli çıxışında deyib ki, bu sahədə Fond tərəfindən mütəmadi işlər həyata keçirilir. Onun sözlərinə görə, indiyə qədər bir neçə rayonda bu istiqamətdə tədbirlər keçirilib.

Daha sonra çıxış edən İnsan Haqları üzrə Müvəkkil (ombudsman) Elmira Süleymanova bildirib ki, informasiya almaq mühüm faktordur.

Onun sözlərinə görə, informasiya daşıyıcıları bilməlidirlər ki, onlar məlumatı operativ, dəqiq və qərəzsiz çatdırmalıdırlar: "Həmçinin informasiya verən şəxs də eyni tərzdə bilməlidir ki, informasiya verərkən dəqiq, operativ, qərəzsiz olmalı, şəxsiyyətə toxunan məlumatlar verməməlidir. Biz Ombudsman Aparatı olaraq ölkənin 58 rayonunda müxtəlif tədbirlər keçirib, maarifləndirmə işləri aparırıq. Əsas istiqamətlərimizdən biri də məhz informasiya əldə etmək və onu cəmiyyətə təqdim etməklə bağlıdır".

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, informasiya əldə etmək hər zaman jurnalistika üçün aktual olub. Onun sözlərinə görə, informasiya əldə edilmədən jurnalistika inkişaf edə bilməz: "Dövlət qurumları jurnalistlərin əksər sorğularını cavablandırmalıdır. Sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, məhkəmə nüfuzunun məqsədlərinə zidd olmadığı təqdirdə informasiya əldə edilməsinə icazə verilir".

Daha sonra isə Elmir Vəlizadə "2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi açıq cəmiyyətin formalaşmasında yeni mərhələdir" mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, cari il "İKT ili" elan olunduqdan sonra xüsusi tədbirlər planı hazırlanıb: "2013-cü il İKT sahəsində uğurlu il oldu. İnformasiya əldə etməklə yanaşı, informasiya təhlükəsiziliyi də vacib məsələlərdəndir. Bu məsələdə milli peykimizin orbitə çıxması mühüm rol oynayıb".

Elektron hökumət portalı barədə də məlumat verən nazir müavini vurğulayıb ki, portaldan istifadə edənlərin sayı 746 min nəfərə çatıb: "Hazırda əhalinin 70 faizi internet istifadəçisidir".

Millət vəkili F. Mustafa isə "İnformasiya azadlığı insan haqlarının vacib elementidir" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanda vətəndaşlar informasiya əldə etməyə çox da maraq göstərmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti