...

"ASAN xidmət" mərkəzlərinə müraciət edən vətəndaşların 90 faizinin məmnunluğu təmin edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 Yanvar 2014 11:33 (UTC +04:00)
Bu günədək "ASAN xidmət" mərkəzlərinə 959 min vətəndaş müraciət edib. Bunlardan 90% halda vətəndaş məmnunluğu təmin edilib.
"ASAN xidmət" mərkəzlərinə müraciət edən vətəndaşların 90 faizinin məmnunluğu təmin edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İzzət/

Bu günədək "ASAN xidmət" mərkəzlərinə 959 min vətəndaş müraciət edib. Bunlardan 90% halda vətəndaş məmnunluğu təmin edilib. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

İ.Kərimov deyib ki, 1 saylı "ASAN xidmət" mərkəzi daha tez fəaliyyətə başladığından ən çox müraciət bura olub - 340 min. Sumqayıt "ASAN xidmət" mərkəzinə 204 min, 2 saylı "ASAN xidmət" mərkəzinə 250 min, 3 saylı "ASAN xidmət" mərkəzinə 92 min, Gəncədəki "ASAN xidmət" mərkəzinə 14 min vətəndaş müraciət edib.

Agentliyin sədri, həmçinin qeyd edib ki, "ASAN xidmət" mərkəzlərində 260 əməkdaş çalışır. Onların orta yaşı 28-dir. Bundan əlavə, müxtəlif dövlət qurumlarından mərkəzlərə 412 nəfər ezam olunub.

Onun sözlərinə görə, bu günədək "ASAN xidmət" mərkəzlərində 1138 könüllü fəaliyyət göstərib. Onlardan 880 nəfəri artıq məzun olub. Hazırda 258 nəfər gənc könüllü olaraq mərkəzlərdə fəaliyyət göstərərək vətəndaşlara xidmət edilməsində yardımçı olurlar.

2013-cü il ərzində fəaliyyət barədə hesabat xarakterli məlumat verən İ.Kərimov qeyd edib ki, bu il 9 yanvar tarixində Prezident İlham Əliyev Nazirlər kabinetinin iclasında "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinə toxunaraq müvafiq tapşırıqlar qoyub və "ASAN xidmət" üçün vəzifələr müəyyən edib:"Ölkə Prezidenti tərəfindən verilən qiymət və dəyər bizim məsuliyyətimizi daha da artırır, qarşımızda əlavə vəzifələr müəyyən edir".

Agentliyin sədri əlavə edib ki, səyyar "ASAN xidmət" avtobusları vasitəsilə 21 dayanacaq nöqtəsində 37 rayonun 58 min 603 nəfər vətəndaşının müraciətinə baxılıb.

İ.Kərimov deyib ki, vətəndaşlara innovativ xidmət göstərilməsi məqsədilə "ASAN xidmət" mərkəzlərində yeni texnologiyalar tətbiq edilir. Bundan əlavə, vətəndaşların rəylərinin öyrənilməsi əsasında xidmət daim təkmilləşdirilir, "exit-poll" rəy sorğuları təşkil edilir.

Onun sözlərinə görə, "ASAN xidmət"lə bağlı yaradılmış internet səhifəsində 110 minə, xidmətin "Facebook" səhifəsində isə 24 minə yaxın vətəndaşın müraciətinə cavab verilib. Bu, dövlət qurumları içərisində ən çox müraciət edilən elektron səhifədir.

Yanvarın 15-də 1 saylı "ASAN xidmət" mərkəzinin açılmasının bir ili tamam olur. Bundan əlavə, ötən il ərzində 4 "ASAN xidmət" mərkəzi açılaraq fəaliyyətə başlayıb. Artıq 5 "ASAN xidmət" mərkəzində 9 dövlət qurumu tərəfindən 150-dən çox sahə üzrə vətəndaşlara xidmət göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti