...

Azərbaycanda 25 palçıq vulkanı üzrə turist marşrutunun salınması təklif edilir

Cəmiyyət Materials 29 Yanvar 2014 09:32 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu ölkədəki 25 palçıq vulkanı üzrə turist marşrutunun salınmasını təklif edir.
Azərbaycanda 25 palçıq vulkanı üzrə turist marşrutunun salınması təklif edilir

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu ölkədəki 25 palçıq vulkanı üzrə turist marşrutunun salınmasını təklif edir.

İnstitutun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev Trend-ə deyib ki, vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar ərazi yoxdur. Palçıq vulkanları ekoturizmin inkişafı üçün çox gözəl obyektlər hesab edilir: "Xaricdən gələn turistlər vulkanlarla maraqlanırlar. Bəzi turistlər vulkanlara müalicə olunmaq məqsədilə gedirlər. Əgər bu işlə məşğul olunsa, bu, respublikaya valyuta gətirəcək".

A.Əliyev deyib ki, Azərbaycanda 2 vulkan çox nadir hallarda rast gəlinən vulkanlardan sayılır. Həmin vulkanlar Qobustanda "Qoturdağ" və "Çeyildağ" vulkanlarıdır. Bakıdan 50 km qərbdə yerləşən "Çeyildağ" vulkanı uzun müddıət ərzində tədricən püskürərək günbəzşəkilli brekçiya qatı əmələ gətirir: "Qoturdağ"da isə süxur daim sıxılır. Ona oxşar vulkan Rusiyada var. Digər ölkələrdə belə vulkan yoxdur. Ona görə də Azərbaycana gələn turistlər üçün belə vulkanlar maraqlıdır".

Alimin sözlərinə görə, Geologiya İnstitutunda palçıq vulkanları 45 ildir ətraflı şəkildə öyrənilir. Bu tədqiqatların aparılmasında məqsəd dərində yatan neft-qaz yataqlarının axtarılması, zəlzələlərin baş verməsi ilə palçıq vulkanlarının püskürməsi arasında əlaqənin öyrənilməsidir. Bununla yanaşı, vulkan palçığından təbabətdə bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Vulkan tullantıları, vulkan gillərindən inşaatda istifadə olunur.

Qeyd edək ki, bu gün dünyadakı palçıq vulkanlarının 344-ü Azərbaycandadır. Onların da 133-ü Xəzərin Azərbaycan hissəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti