...

Penitensiar Xidmətin 200-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Cəmiyyət Materials 29 Yanvar 2014 19:59 (UTC +04:00)
Penitensiar Xidmətin 197 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 37 əməkdaşı vəzifəsindən azad edilib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Penitensiar Xidmətin 200-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Penitensiar Xidmətin 197 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 37 əməkdaşı vəzifəsindən azad edilib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində il ərzində 258 müxtəlif cinayətin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2013-cü il ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 178 litr spirtli içki, 571 mobil telefon, 453 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Qeyd edilib ki, il ərzində cinayətlə vurulmuş maddi ziyanın ödənilməsi üzrə tədbirlər xüsusi nəzarətdə olub, məhkumlar tərəfindən zərərçəkmişlərə 1 milyon 77 min 758 manat vəsaitin ödənilməsinə nail olunub.

Məhkumların ictimai-faydalı əməklə təmin olunmaları sahəsində əvvəlki illərlə müqayisədə irəliləyiş əldə olunduğu, "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində 4 cəzaçəkmə müəssisəsində əlavə iş yerlərinin açılmasına imkan verən yeni istehsal sahələrinin təşkil olunduğu, 16 müəssisədə dəzgah, avadanlıq və alətlərin müasirləşdirildiyi vurğulanıb.

Müşavirədə hesabat dövrü ərzində Penitensiar Xidmətin 197 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 37 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, 16 nəfərin isə ədliyyə oranlarından xaric edildiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti