...

Bakıda "İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər" mövzusunda beynəlxalq seminar keçirilir

Cəmiyyət Materials 20 Fevral 2014 13:02 (UTC +04:00)
Bu gün Bakıda "İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.
Bakıda "İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər" mövzusunda beynəlxalq seminar keçirilir

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda "İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təşkil olunan seminarda Azərbaycanın dövlət qurumlarının rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov internetdə müəllif hüquqlarının qorunması, rəqəmsal mühitdə müəllif hüquqlarının təminatı, əqli mülkiyyət hüquqlarının qorunması, internet təhlükəsizliyinin təmin edilməsi haqqında danışıb.

K.İmanov qeyd edib ki, XXI əsrdə müəlliflik hüququ ilə qorunan obyektlərin internetə miqrasiyası daha intensiv xarakter daşıyır və həmin obyektlərdən virtual şəbəkədə istifadənin həcmi getdikcə artır.

Onun sözlərinə görə, bu gün dünya miqyasında istifadəçilərin mobil qrafikinin 59%-i video ilə bağlıdır: "151 milyona yaxın insan "Google"-da videoya baxır. Hazırda "Youtube" sisteminə yüklənən videoxəbərlərin həcmi 2,5 mln/saat təşkil edir. Hər gün "Facebook"a daxil olan yeni fotoşəkillərin sayı 5 milyardı keçir".

K.İmanov qeyd edib ki, Beynəlxalq Ticarət Palatası da həyəcan təbili çalaraq bildirir ki, piratçılığa və kontrafaksiyaya qarşı radikal tədbirlər görülməsə, 2015-ci ildə dünya iqtisadiyyatına 1,7 trilyon ABŞ dollarından çox zərər dəyəcək: "Bu da hər il 2,5 milyon iş yerinin itirilməsi deməkdir. Rəqəmli şəbəkədə musiqili kontentin istifadəsi 95% piratçılıqla müşahidə olunur".

Daha sonra Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə sektorunun müdiri xanım Saule Tlevlessova çıxış edərək tədbirin əhəmiyyətini qeyd edib.

Tədbirdə iştirak etməkdən məmnunluğunu bildirən S.Tlevlessova Azərbaycanın yalnız müəlliflik hüquqları sahəsində deyil, ümumilikdə böyük inkişafa nail olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu gün burada müzakirə olunan mövzular doğurdan da bütün dünyada aktualdır.

Onun sözlərinə görə, müəlliflərin öz əqli mülkiyyətlərinə görə qonorarlarını ala bilməmələri bütün dünyada problemli məsələdir.

S.Tlevlessova əqli mülkiyyət hüquqları ilə bağlı bütün ölkələrdə milli strategiyanın qəbul olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, o, orta və ali təhsil müəssisələrində əqli mülkiyyətlə bağlı fənnin tədris edilməsinin əhəmiyyətini qeyd edib.

S.Tlevlessova əlavə edib ki, Azərbaycanda bu sahədə qanunvericilik yüksək səviyyədə təşkil edilib. O qeyd edib ki, hər bir təşkilat öz səviyyəsində bu sahədə iş aparmalıdır.

Nazirlər Kabineti Aparatının Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıxov isə qeyd edib ki, bu tədbirin Azərbaycanda keçirilməsi internetdə müəlliflik hüquqlarının təminatı məsələlərinə ölkədə necə böyük əhəmiyət verilməsinin, qazanılan uğurların və təcrübənin göstəricisididr.

O qeyd edib ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, respublikada əqli mülkiyyət, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində qısa müddət ərzində qanunvericilik, idarəçilik və məhkəmə sistemləri yaradılıb, beynəlxalq standartlar və müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilib.

İ.Sadıxov qeyd edib ki, bütün görülən işlər piratçılığa qarşı mübarizədə geniş imkanlar açıb. O həmçinin əlavə edib ki, Azərbaycanda bu sahədə görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Daha sonra tədbir "Müəlliflik hüququ üzrə ÜƏMT-nin cari fəaliyyəti. Pekin və Mərakeş müqavilələri", "İnternetdə müəlliflik hüququnun qorunması ilə bağlı çağırışlar: Azərbaycan təcrübəsi" və digər mövzularla bağlı müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti