Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağlarının təkrar istifadəsi istiqamətində elmi tədqiqatlara başlanılıb.
İnstitutdan Trend-ə verilən məlumata görə, respublikada avtomobil və digər texnikanın parkı ildən-ilə sürətlə artır və bunlarda istifadə olunan sürtkü yağlarının kənara atılması ətraf mühiti çirkləndirməklə ekoloji gərginlik yaradır. Ona görə müasir neft-kimya elminin qarşısında duran əsas məsələlərdən biri həmin zərərin minimuma endirilməsidir.
Bu nöqteyi-nəzərdən ekoloji gərginliyi mümkün qədər azaltmaq üçün həm sürtkü yağlarının keyfiyyətini xüsusi əlavələrlə - aşqarlarla yaxşılaşdıraraq onların işləmə müddətini artırmaq, həm də işlənmiş yağları regenerasiya (bərpa) edib yenidən istifadə etmək lazımdır.
İnstitutda işlənmiş yağların təkrar istifadəsini təmin etmək üçün yeni regenerasiya üsulu - texnoloji proses işlənib. Alınan məhsullar əsasında aşqar kompozisiyası ilə əmtəə yağının analoqu yaradılıb. Müəyyən edilib ki, müxtəlif təyinatlı motor yağının yaradılmasında regenerasiya olunmuş yağlar baza yağı kimi istifadə edilə bilər.