...

Gənclər Evi ilə bağlı layihənin yekun hesabat konfransı keçirilib

Cəmiyyət Materials 18 Mart 2014 16:20 (UTC +04:00)
Bu gün “Gənclər Evi - Gənclərin ətraf mühit məsələlərində iştirakının artırılmasında platformadır” adlı layihənin yekun hesabat konfransı keçirilib.
Gənclər Evi ilə bağlı layihənin yekun hesabat konfransı keçirilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Bu gün "Gənclər Evi - Gənclərin ətraf mühit məsələlərində iştirakının artırılmasında platformadır" adlı layihənin yekun hesabat konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə və digər şəxslər iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən layihənin koordinatoru Mirhəsən Seyidov deyib ki, 2 il bundan öncə start verilən layihə Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) tərəfdaşlığı, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə başa çatıb: "Son 2 ildə Yevlax, Sabirabad, Goranboy, Göygöl və Lənkərandan olan gənclər ətraf mühit və ekologiya sahəsində Gənclər evlərinin imkanlarından istifadə etməklə təlimləndirilib, gənclərin ətraf mühitin qorunması sahəsində qərar qəbulu prosesində aktiv iştirakı təmin edilib. Layihədə iştirak edən hər bir region gənci arasından 25 nəfərlik xüsusi ekologiya qrupu yaradılıb. 2013-2014-cü illər ərzində gənclər 20 kiçik həcmli layihənin tərtib olunması və icrası prosesində iştirak edib, həmçinin kiçik həcmli ucqar dağ kəndlərindən də 900-dən artıq gənc bu prosesə cəlb olunub".

Onun fikrincə, belə layihələr Bakı və digər şəhərlərin gəncləri ilə bərabər, ən ucqar dağ kəndlərindən olan gəcnlərin də aktiv fəaliyyətə qoşulmasına təkan verir.

PA-nın şöbə müdirinin müavini T.Süleymanov bildirib ki, ətraf mühitin müafizəsi və çirklənmənin qarşısının alınması məsələləri son 65 il ərzində böyük aktuallıq kəsb etməyə başlayıb. İkinci Dünya müharibəsindən sonra dünyada elm, texnika böyük sürətlə inkişaf edib. Buna baxmayaraq, bu inkişaf ətraf mühitə də böyük təsirlər göstərib, ətraf mühitin çirklənməsinə səbəb olub: "Nəticədə çirklənmə artdı, ətraf mühitin mühafizəsində çətinliklər yarandı. Təəssüflər olsun ki, Azərbaycan da dünyanın tərkib hissəsi kimi bu proseslərdən kənarda qalmadı. Azərbaycan uzun illər müstəqil dövlət olmayıb. Əvvəlcə Rusiya İmperiyasının, 1922-ci ildən sonra Sovet İttifaqının tərkibində olub. Bu səbəbdən öz sərvətlərimizə sahib çıxa bilməmişik".

Çıxış edən gənclər və idman nazirinin müavini İ.Babayev və ARGTMŞ-nin sədri Ş.Seyidzadə layihənin əhəmiyyətindən danışıblar.

Sonda layihədə iştirak etmiş gəcnlərə şəhadətnamələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti