...

Azərbaycan 24 yaşadək əhali arasında savadlılıq dərəcəsi 100 faiz olan çox az saylı ölkələrdən biridir

Cəmiyyət Materials 24 İyul 2014 13:23 (UTC +04:00)
Azərbaycan dünyada 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faiz olan çox az saylı ölkələrdən biridir.
Azərbaycan 24 yaşadək əhali arasında savadlılıq dərəcəsi 100 faiz olan çox az saylı ölkələrdən biridir

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbirlər İlhamə İsabalayeva, Səbinə Əhmədova/

Azərbaycan dünyada 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faiz olan çox az saylı ölkələrdən biridir.

Trend-in BMT İnkişaf Proqramının saytına istinadən verdiyi məlumata görə, BMT-nin ekspertləri tərəfindən hazırlanmış "İnsan inkişafı hesabatı 2014"-də qeyd edilib ki, Azərbaycanda 2005-2012-ci illər üzrə 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faizdir. Bu göstərici Azərbaycanla yanaşı, 187 ölkənin insan inkişafı indeksinin qiymətləndirildiyi hesabatda 4 ölkədə - Moldova, Koreya Xalq Demokratik Respublikası, Polşa və Kubada da qeydə alınıb.

Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi isə 99,8 faizdir.

2005-2012-ci illərdə 25 və yuxarı yaşda olan qadınların 93,7 faizi orta təhsillidir. Kişilərdə isə bu göstərici 97,4 faiz təşkil edib.

2008-2012-ci illərdə Azərbaycanda gənclərin məşğulluğu 15-24 yaş arasında olan əhali üzrə 14,2 faiz təşkil edib.

Qeyd edək ki, BMT-nin hazırladığı "İnsan inkişafı hesabatı 2014"-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub. "İnsan inkişafı hesabatı 2013"-də isə Azərbaycan insan inkişafı indeksinə görə 82-ci yerdə qərarlaşmışdı.

Dünya ölkələrində insan yaşayışı səviyyəsinin qiymətləndirilməsi baxımından aparıcı beynəlxalq meyar hesab edilən insan inkişafı indeksi müəyyənləşdirilərkən insanların orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və digər amillər nəzərə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti