...

Yüzü yarı edən Rəşad Məcidin Özü, Sözü və... Düzü

Cəmiyyət Materials 19 Avqust 2014 16:51 (UTC +04:00)
Arzularla, ümidlərlə qolboyun olub yola çıxanda, adətən, bomboz tərəddüdlər, tutqun gümanlar rahatlıq vermir adama. Şəkk-şübhə yaxandan düşmür, ətəyini buraxmır.
Yüzü yarı edən Rəşad Məcidin Özü, Sözü və... Düzü

Arzularla, ümidlərlə qolboyun olub yola çıxanda, adətən, bomboz tərəddüdlər, tutqun gümanlar rahatlıq vermir adama. Şəkk-şübhə yaxandan düşmür, ətəyini buraxmır. Nə qədər özünə güvənsən də, arzularına pərvəriş verəcək, ümidlərini qanadlandıracaq KİMSƏlərə ehtiyac duyursan. Tapdınsa, rast gəldinsə, deməli, taleyin gətirib, bəxtin yavər gedib. Ancaq təkcə taleyə minnətdar, bəxtə borclu olmaqla iş bitməz. Həmin o KİMSƏlərin də haqqını danmamaq, əməyini, dəstəyini etiraf etmək gərəkdir. Belə etiraflar həm də bir vəfa borcudur. Şəxsən məndən bu "borc"u istəyən, ümumiyyətlə, belə bir "borc"un olduğunu xatırladan da yoxdur, amma mən ki çox şeyi yaxşı xatırlayıram...

* * *

Rəşad Məcidlə ilk tanışlığımız Yazıçılar Birliyində olub. Şeirlərimi oxuduqdan sonra mənə "525-ci qəzet"də işləməyi təklif etdi. Bu, jurnalist olmaq üçün doğulduğunu düşünən birinə yaradılmış ilk təmənnasız imkan idi. Və bu imkanla, 2006-cı ildən üzübəri, ölkə mətbuatının brendlərindən sayılan və artıq ikinci evimə çevrilmiş "525-ci qəzet" vasitəsilə peşəkar jurnalistikaya yolum açıldı. Tək mənə yox, onlarla gəncə yol açmış Rəşad Məcidin bununla bağlı tərif və təqdir dolu yazılara, bəlağətli təşəkkür cümlələrinə ehtiyacı yoxdur, əlbəttə. Amma haqq-sayının unudulmaması, dilə gətirilməsi, yazıya alınması, hər halda, bir yubilyar kimi ona da xoş olar. Olsun...

ÖZÜ

Mən Rəşad Məcidin ÖZÜnu SÖZÜndən əvvəl tanımışam. Bir dəfə "Naşir" jurnalı üçün ondan müsahibə alanda özümü sanki imtahana gəlmiş kimi hiss etdiyimi demişdim. Rəhbərlik etdiyi qəzetdə uzun illərdir çalışdığıma, günaşırı redaksiyada, toplantılarda qarşılaşdığımıza baxmayaraq indinin özündə də hər dəfə bu hissi keçirirəm. Bəlkə həmişə sına(q)vda olduğumu hiss etdiyimdəndi ki, götürdüyüm hər müsahibəyə, yazdığım hər esseyə, qaraladığım hər köşə yazısına hədsiz məsuliyyətlə yanaşmalı oluram. Və bundan usanmıram, bu, artıq həyat tərzimə çevrilib. Bəlkə də bu müdir zabitəsi tək mənə yox, "525"in bütün işçilərinə peşəkarlıq baxımından formada qalmağa kömək edir. O müdir kimi zabitəli, zəhmlidir, xarizması da öz yerində. Amma heç vaxt öz xarizmasından istifadə edib hansısa əməkdaşını onun iradəsinə danışıqsız tabe olmağa məcbur etməyib. Onun zabitəsi demokratik fondadır həmişə. Xoşlamadığımız insandan müsahibə götürməyə, istəmədiyimiz yazını yazmağa məcbur etməyəcək qədər demokratik. Onun bütün bu zahiri "xof" altında məharətlə gizlətdiyi ümumi qayğını, doğmalığı "525 ailəsi" həmişə hiss edir. Bu cəhət onu kollektiv müdirindən daha çox, ailənin bütün üzvlərinə bəslədiyi dəruni hissləri ustalıqla gizlədən, zahirən zəhmli, daxilən ürəyiyuxa, kövrək ailə başsısı kimi səciyyələndirir.

Rəşad Məcidi çox danışan görməmişəm. Nə işdə, nə də tez-tez rastlaşdığımız tədbirlərdə. O, ÖZÜnün və sözünün, eləcə də başqalarının zamanının dəyərini bilən adamdı. Amma könlünə düşəndə içdən gələn söhbətləri uzatmaq arzusunda olduğunu və bundan zövq aldığını da hiss etmişəm.

Rəşad Məcid tez ÖZÜndən çıxan deyil. Amma qəzetdə hansısa yarıtmaz işdən əsəbiləşibsə, gözünə görünməmək yaxşı olar. Qanıqara olanda daha çox özünə qapanır və daha çox siqaretə -Xilaskarına sarılır sanki. Bəzi rəhbərlər kimi hökmünü çığır-bağırla yeritdiyini görməmişəm, incikdirsə, nədənsə narazıdırsa, bir ağır baxış, bircə cümlə, ya da sükut... Onun sükutu haqqında illər öncə yazmışdım, yeri gəlib yenə təkrarlayıram: vay o gündən ki, Rəşad Məcid sadəcə susa. Bu susqunluğun ağır mənası var. Onun susmağı razılıqdan deyil, narazılığından xəbər verir. Üstəgəl, bu sükuta ironik bir təbəssüm də əlavə olundusa, onda heç nə...

İroniyadan söz düşmüşkən, Rəşad Məcidin ÖZÜnüqoruma vasitəsidir ironiya. Bədxahlara yenik düşməmək, zəif görünməmək üçün tez-tez istifadə etdiyi "silah"dır onun məlum-məşhur ironiyası.

Rəşad Məcid haqqında son günlərdə yazılan təbrik yazılarını bircə-bircə oxuyanda əmin oldum ki, onu tam əksəriyyətə sevdirən bir çox ümdə cəhəti var: həssaslığı, kövrəkliyi, düzlüyü, səmimiliyi, qayğıkeşliyi... Siyahını uzatmaq olar. Amma Rəşad Məcidin bir vacib keyfiyyəti də onun gənclərə öz güclərinə inam hissi aşılaması, onlara irəli getmək üçün cəsarət, ürək-dirək verməsi, amma həm də güclü qayğı göstərməsidir. Məşhur misalda deyildiyi kimi, balıq vermir, balıq tutmağı öyrədir o. Ümidi, qayğını və dəstəyi təmənnasız bəxş edir gənclərə.

Rəşad Məcid təzadlar adamıdır. Yaradıcılığında da, yaşamında da. Bəzən verdiyi cavabla "hə"mi, "yox"mu dediyi məlum olmayacaq qədər təzadlı, sirli və maraqlı. İntizarda saxlamaq qabiliyyəti də öz yerində. Dilindən adi bir təqdir cümləsi eşitmək özü də uğurdur. Uğur demişkən, mən də daxil, bu gün jurnalistikada imzasını təsdiqləyən, ədəbiyyatda az-çox sözünü deyən onlarla yazarı məhz Rəşad Məcid ÖZÜ uğurlayıb bu yolda.

SÖZÜ

Yaradıcılığı ilə bağlı təvazökardır. Müsahibələrində vurğulayır ki, nə böyük ədəbiyyata iddia eləyirəm, nə də yazdıqlarımı böyük sənət əsəri sayıram. Təvazökarlıq dozadan bir az artıq kimi görünür bu məqamda. Hamımız bilirik ki, hansısa şairi, yazıçını da bəlkə bir şeir, bəlkə bir hekayə, bəlkə bir roman möhürləyir ədəbiyyata. Zənnimcə, uğurlu publisistika, nəsr və poeziya nümunələri yaradan Rəşad Məcidin də ədəbiyyatda qalası bir SÖZÜ var. Rəşad Məcidin publisistikası sadə, birbaşa və emosionaldır. Mətləbi kəsə yolla, birbaşa çatdırır. Bəlkə də haqlıdır. Ömrün su kimi axıb getdiyi müasir çağda nədəsə sətiraltı, mətnaltı mənalar axtarmaq da boşuna vaxt itkisidir bəlkə... Adətən, bu tipli mətnləri bir elə xoşlamasam da, onun son kitabını - apaçıq və birbaşa yazılmış "Dəlicəsinə"ni bəyəndim. Kitaba seçilmiş uğurlu ad müəllifin həm yaradıcılığını, həm də həyat ritmini özündə ehtiva edir. Kitabdakı məqalələri birləşdirən ümimi cəhət var: istək və ağrı. Ad mahiyyətə uyğundur. Zatən həyat da dəlicəsinə istəklə başlayıb ağrıyla bitən nəsnələrdən ibarət deyilmi? Kitabdakı birinci yazıya da, sonuncu müsahibəyə də eyni ruh hakimdir: "Bütün uğursuzluqların arxasında sevgisizlik durur. Bütün məğlubiyyətlərin səbəbi dəlicəsinə istəyin olmamasındadı. Allah dəlicəsinə istəyənlərin yanındadı! Dəlicəsinə istəyin peyvəndi qorxudu! Peyvənddən qaçın! Dəlicəsinə sevin! Dəlicəsinə mübarizə edin! Çatacaqsınız! İnsan bir şeyi dəlicəsinə istəyirsə, mütləq arzusuna çatır".

Rəşad Məcidin hər iki hekayəsini -"10 sentyabr" və "Cənnət dərəsi"ni oxumuşam. Hər ikisi haqqında tanınmış tənqidçilərin və peşəkar oxucuların rəyləri var. Taftalogiyaya lüzum görmürəm. Amma hər iki hekayədə mənim diqqətimi cəlb edən ən maraqlı məqam səbəb-nəticə əlaqəsidir. 11 sentyabrın nəticəsi 10 sentyabrda baş verən səbəbdədi, cəhənnəm isə cənnətə laqeydlik səbəbindən yaranıb...Hər şey bu qədər bəsit və bu qədər dərin...

İroniya, sükut, zabitə, eyni zamada dəlicəsinə bir istəklə silahlanan Rəşad Məcidin obrazını poeziyası tamamlayır. Daxilindəki gizlinləri şeirləri ələ verir. Özü deyir ki, şeir onu yazanın zəif tərəflərini nişan verir. Qismən razı deyiləm. Bəzən zəifliklərimiz, etiraflarımız bizi güclü, orijinal edir. Akutaqava yazır ki, şair hamının qarşısında ürəyini açan insandır. Rəşad Məcid şairdir. Və məhz bu onu sona qədər qapalı olmağa qoymur. Son dövrlərdə yazdığı şeirləri oxudum, 21 yaşındakı ruh və ovqat dəyişməyib o şeirlərdə. Bu poeziyada gah 21 yaşında gənc oğlanın təbiəti coşub-daşır, gah da dünyanın hər üzünü görmüş insanın ağlı sakitcə dillənir:

İçəridən əyildinsə,

Ha dik dayan, ha düz yeri...

Görək, necə keçəcəksən,

İçindəki qəliz yeri...?

Sevgi şeirlərinin hər misrasında alovuyla qarsan, yandırıb-yaxan hisslərlə, dəlicəsinə templə başlanan sevgilərin poetik ifadəsi var:

Adam kimi darıxmıram...

...Beynim qollarımda döyünür...

İlikləriməcən darıxıram...

Yaxud da:

Sonra bu əzabların üstündə

Cızdağı çıxan yanmış qırıntılarımdan

Adam düzəltmək çətin olacaq,

Çəkmə əlini...

Amma bu şeirlərin qəhrəmanının gözünü saf eşqi bağlasa da, o, rasionallıq hissini itirmir, düşündüyünüz qədər də sadəlövh deyil:

Hələ ki təzə qar kimisən,

Günəşin işıldamağına bəndsən.

Əridikcə çıxacaq üzə

Gizlətdiyin hər nə var...

Hələ ki təzə qar kimisən...

Və ya:

Sonda bildim

Hər kəsin özünə çalışdığını,

Sənin çiçəkdən çiçəyə qonub

Şanına bal daşıdığını,

Mənim öz əlimlə

öz kəndirimi hördüyümü-

sonda bildim..

Dəlicəsinə başlanan sevgilər, sevdiyinin yolunda kölə olmağı belə qəbul edəcək qədər güclü bağlılıq, sonra da puç olan ümidlərin, xəyal qırıqlıqlarının ardından qəzəb dolu misralarla qəddarcasına ayrılmalar... Bəzi şeirlərdəki ayrılığın qəddar ifadəsi hətta sarsıdıcıdır, amma həm də təbii təsir bağışlayır. Çünki vulkan püskürməsi, zəlzələ effekti ilə, dəlicəsinə bir templə başlayan sevgilər gec-tez ya "candərdi gördüyün boş işə, mənasız vərdişə çevrilir", ya da üzdən sakit, amma daxilən dişi bağırsağı kəsən qəzəblə yekunlaşır:

Hələ bir bir az müqavimət göstərib,

Dava salıb, hələ hay-küy edirsən...

Bilmirsən ki, bu son səhnə, göstəri,

Bilmirsən ki, qurtarırsan, bitirsən...

...Xəbərin yox, inanmırsan bəlkə də,

Xəbərin yox, Allah haqqı, gedirsən....

Yeni şeirlərinin içində "Ləkə" diqqətimi xüsusilə çəkdi. Çox yaxşı yazılıb, vəssalam:

Hara söykənmişəm,

Unutmuşam...

Plaşımın arxası ağappaq toz...

Yer var bilinmir toz, tərtəmizdi sanki.

Adamlar da elədi,

Bilmirsən, söykənirsən,

Zaman keçir görürsən,

Ağappaq ləkəsi çıxıb ürəyinə...

DÜZÜ....

Söhbətlərin birində gözləri harasa məchulluğa dikildi, üzündə laübali ifadə ilə mərhum Aydın Məmmədovu xatırladı və sitatını xatırlatdı: "Düz əyrini kəsir". Düzü, çoxunu "tanıyan" və çoxunun tanıdığı yarım əsrin tanığının dolanbac, əyri-üyrü yollar kəsişməsində yaşadığımız indiki dövrdə bunu xatırlatması məni təsirləndirdi onda... Dostluqların, sevgilərin, dəyərlərin alınıb-satıldığı müasir çağımızda bu cümləni xatırlamaq ehtiyacını hiss edən, bu hissiyyatla yaşayan belə İNSAN(lar)ın əhatəsində olmağıma sevinmişdim....

Bir ingilis atalar sözündə deyilir ki, heç yerə dönməyən adam uzağa gedər... İllərdir tanıdığım bu adam nə döndü, nə dəyişdi... Uzaqlara gedəndə də yaxınında olanları unutmadı, yadlaşmadı, qayğı və diqqət payını əsirgəmədi. Bugünlərdə dəyişməyən, dönməyən Rəşad Məcid dəyişməyən bir tarixi - doğulduğu günü və növbəti gəncləşməyini qeyd edir.

Əvvəldə də xatırlatdığım kimi, bu yazı mənim ona olan vəfa borcumdu... Hərçənd ki, bəzi borclar heç ödənilmir, amma cəhd eləmək də bir işdir...

Əsrin tən yarısında olan Rəşad Məcidin elə bu şövqlə, bu dəlicəsinə istəklə 100 yaşa çatacağına və mənim də hələ neçə-neçə belə yubiley yazıları yazacağıma və bu vəfa borcunu tam ödəyəcəyimə ümid edirəm. "Borclu borclunun sağlığını istəyər" - misalını bu mətləbə calasam, kimsəyə bir ziyanı dəyməz, düşünürəm. Mənəvi cəhətdən borclu olduğum Rəşad Məcidin bundan sonra da ən azı indiyəcən yaşadığı qədər sağlığını arzulayıram...

Sevinc MÜRVƏTQIZI

P.S. Trend İnformasiya Agentliyinin kollektivi qələminə, şəxsiyyətinə hörmət bəslədiyi Rəşad Məcidi 50 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, həyat və yaradıcılığında yeni-yeni uğurlar arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti