...

Arif Rəhimzadə: Yerli ödənişlərin nağdsız şəkildə aparılması bələdiyyələrin ümumi işinə kömək edəcək

Cəmiyyət Materials 9 Sentyabr 2014 13:31 (UTC +04:00)
2015-ci ilin yanvar ayından etibarən bələdiyyələrdə yerli ödənişlər nağdsız şəkildə aparılacaq və bu da bələdiyyələrin ümumi işinə kömək olacaq.
Arif Rəhimzadə: Yerli ödənişlərin nağdsız şəkildə aparılması bələdiyyələrin ümumi işinə kömək edəcək

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

2015-ci ilin yanvar ayından etibarən bələdiyyələrdə yerli ödənişlər nağdsız şəkildə aparılacaq və bu da bələdiyyələrin ümumi işinə kömək olacaq. Eyni zamanda atılan bu addım şəffaflığın təmin edilməsi üçün mühüm vasitədir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bu gün komitənin 2014-cü il payız sessiyası üçün iş planına həsr olunmuş iclasında deyib.

A.Rəhimzadə qeyd edib ki, payız sessiyasında komitədə bir neçə qanun layihəsinin hazırlanması və müzakirəsi nəzərdə tutulur: "Belə ki, bu sessiyada "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycanda bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi, "İnzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Qanun layihəsi və bir sıra qanunlara dəyişikliklər və əlavələr edilməsi haqqında layihələr müzakirə olunacaq".

İclasda 2014-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat verilib, komitənin Milli Məclisin 2014-cü il payız sessiyası üçün iş planının layihəsi və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının qanun lahiyəsi müzakirə edilib.

A.Rəhimzadə komitənin yaz sessiyasında gördüyü işlərin hesabatını təqdim edərkən deyib ki, komitə 2014-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə parlamentin cari ilin yaz sessiyasının qanunvericilik işləri planına və komitənin 24 yanvar 2014-ci il tarixli iclasında təsdiq olunan iş planına uyğun fəaliyyət göstərib.

O, bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib və 13 məsələ müzakirə olunub ki, onlardan 10-u qanun layihəsidir.

Komitə sədrinin sözlərinə görə, hesabat dövründə bələdiyyə üzvləri və qulluqçuları üçün 22 kurs keçirilib və həmin kurslara əvvəlki illə müqayisədə 2 dəfə çox dinləyici cəlb edilib. İl ərzində respublika üzrə bələdiyyə üzvləri və qulluqçuları üçün 73 seminar keçirilib. Hesabat dövründə "Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsi müzakirə olunub: "Qanun layihəsinə əsasən ümumilikdə respublikanın 21 rayonu üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyənin yaradılması və 110 bələdiyyənin ləğv edilməsi nəzərdə tutulub. Qanun qüvvəyə mindikdən sonra ölkədə bələdiyyələrin sayı 1717-dən 1607-yə enəcək".

Komitə sədri bildirib ki, hesabat dövründə komitənin üzvləri AŞPA-nın, ATƏT PA-nın, MDB PA-nın, TürkPA-nın sessiyalarında və digər beynəlxalq tədbirlərdə iştirak ediblər. Komitənin üzvləri iştirak etdikləri görüşlərdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində xeyli iş görüblər: "Eyni zamanda, hesabat dövründə komitənin ünvanına daxil olan 197 məktub, təklif, ərizə və şikayətlərə baxılıb, onlardan 99-u araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib. Komitənin üzvləri tərəfindən 557 vətəndaş qəbul edilib".

Sonda iclasın gündəliyində yer alan məsələlər qəbul edilərək parlamentin payız sessiyasının iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti