...

Azərbaycanda bələdiyyələrin daşınmaz əmlaka görə sanballı vergilər tutması nəzərdən keçirilir

Cəmiyyət Materials 17 Oktyabr 2014 12:21 (UTC +04:00)
"Azərbaycanda bələdiyyələr inkşaf edəcək. Buna vaxt lazımdır. Onlar ölkədə mərkəzi icra hakimiyyətlərindən sonra əsas amil olacaqdır".
Azərbaycanda bələdiyyələrin daşınmaz əmlaka görə sanballı vergilər tutması nəzərdən keçirilir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycanda bələdiyyələr inkşaf edəcək. Buna vaxt lazımdır. Onlar ölkədə mərkəzi icra hakimiyyətlərindən sonra əsas amil olacaqdır". Trend xəbər verir ki, bunu Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə "Bələdiyyələrin yenidən təşkili təcrübəsinin onların fəaliyyətinə və bələdiyyə seçkilərinə təsiri" mövzusunda çıxış edən Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda bələdiyyələr yarandığı 15 il ərzində xeyli inkişaf yolu keçib. Lakin bələdiyyələrin üzərlərinə düşən vəzifələrin öhdəsindən lazımınca gəldiklərini demək səhv olardı: "İradlar, narazılıqlar var. Bunun bariz sübutunun biri odur ki, 2009-cu ildəki bələdiyyə seçkilərini 1999-cu ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisə etdikdə seçkidə iştirak edənlərin sayı 20 faiz azalıb. Bu, çox böyük və xoşagəlməz rəqəmdir".

A.Rəhimzadə qeyd edib ki, bütün bələdiyyələr heç də vəzifələrinin öhdəsindən gəlmirlər: "Burada bələdiyyələrin yarıtmaz işi öndə durur. Lakin burada başqa məsələlələr də var. Onlar büdcələrini formalaşdıra bilmirlər və əhalinin problemlərinin həlli üçün lazımi imkanları olmur. Bununla bağlı oktyabrın 28-də Milli Məclisdə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu müzakirə ediləcək. Qanunda bələdiyyələrin daşınmaz əmlaka görə sanballı vergilər tuta biləcəyi nəzərdə tutulur. İndiyədək bu vergi binaların balans dəyəri ilə müəyyənləşdirdi. İndi isə bələdiyyə hər kv.m.-ə uyğun olaraq öz vergisini alacaq. Nəzərdə tutulur ki, bu vergi nağd yox, bank və poçt vasitəsilə ödənilsin".

Parlamentin komitə sədri bildirib ki, bundan sonra bələdiyyələr hər il hesabat verəcək. Onların fəaliyyəti qeyri-qənaətbəxş hesab edildikdə bələdiyyələr vaxtından əvvəl buraxıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti