...

Dövlət Komitəsi dələduzluq halları ilə bağlı məcburi köçkünlərə xəbərdarlıq edir

Cəmiyyət Materials 22 Oktyabr 2014 18:01 (UTC +04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dələduzluq halları ilə bağlı məcburi köçkünlərə xəbərdarlıq edir.
Dövlət Komitəsi dələduzluq halları ilə bağlı məcburi köçkünlərə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dələduzluq halları ilə bağlı məcburi köçkünlərə xəbərdarlıq edir.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq ümumilikdə indiyədək qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 87 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib, 42 min ailə -220 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Məcburi köçkünlərin yeni mənzillərə köçürülmə prosesi Dövlət Komitəsinin, əraziləri işğal olunmuş və məskunlaşma rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələrindən ibarət xüsusi yaradılmış komissiyanın iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilir.

Əvvəllər Komitə tərəfindən Bakı şəhərində bəzi dələduzluq halları barədə məcburi köçkünlərin xəbərdarlıq edilməsinə baxmayaraq, son günlər Bakı şəhər rayonlarında yenidən bu cür hallar baş verib, Komitəyə aidiyyəti olmayan müxtəlif şəxslər saxta yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini hazırlayaraq bir qrup məcburi köçkünü mənzil verəcəyi ilə aldadaraq onlardan kifayət qədər vəsait mənimsəyiblər.

Həmin dələduzların qeyri-qanuni əməllərinə aldandıqlarını bilən məcburi köçkünlər pullarının qaytarılmasını və həmin cinayətkar qrupun cəzalandırılması üçün Komitədən köməklik göstərilməsini xahiş ediblər.

Dövlət Komitəsi bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Komitə bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal məskunlaşdıqları ərazilərdəki rayon polis şöbələrinə məlumat versinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti