...

Azərbaycanda bəbirlərin mühafizəsinə dair yeni strategiya hazırlanır (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2014 12:46 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə növbəti 5 il üçün bəbirlərin mühafizəsinə dair yeni Milli Fəaliyyət və Strategiya Planının hazırlanması istiqamətində işə başlanılıb.
Azərbaycanda bəbirlərin mühafizəsinə dair yeni strategiya hazırlanır (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə növbəti 5 il üçün bəbirlərin mühafizəsinə dair yeni Milli Fəaliyyət və Strategiya Planının hazırlanması istiqamətində işə başlanılıb. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında bəbirlərin mühafizəsi xüsusi yer tutur. Bu nadir növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) "Qırmızı Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilib.

İ.İbrahimova deyib ki, son üç ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə apardığı monitorinqlər nəticəsində bəbirin demək olar ki, ölkədə yaşadığı bütün areallarda fotoşəkilləri çəkilib, bəbirlərin və onların qida obyektlərini təşkil edən heyvanların say və həyat tərzi haqqında ətraflı məlumatlar toplanılıb: "Nəticədə ölkənin müxtəlif areallarında bəbirlərin sayında artım müşahidə olunaraq, davamlı populyasiyasının yarandığı faktlarla sübuta yetirilib. 2010-cu ildən bəbirin Hirkan Milli Parkının ərazisində balalaması faktı qeydə alınıb və həmin ildən Hirkan və Həsən Əliyev adına Zəngəzur Milli Parklarının ərazilərində mütəmadi olaraq bəbirlərə rast gəlinir. 2013-cü ildə Həsən Əliyev adına Zəngəzur Milli Parkının ərazisində bəbir ailəsinin foto çəkilişləri aparılıb ki, bu da bir daha bəbirlərin həmin ərazilərdə davamlı olaraq yaşadığını sübuta yetirir".

Qeyd edək ki, bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərindən ümumiyyətlə, bəbirlərin Azərbaycan ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb. Hazırda isə bu növ Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.

Bəbirin mühafizəsində ən effektiv tədbir xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilərək ekoloji şəbəkənin yaradılmasıdır. Son on ildə qorunan ərazilər şəbəkəsinin yaradılması istiqamətində ciddi sıçrayış əldə olunaraq, onların sahəsi 475 min hektardan 893 min hektara çatdırılıb. Hazırda ölkəmizdə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Məhz bəbirin yaşam arealı hesab edilən bir sıra qorunan ərazilərin sahəsi 2 dəfəyədək genişləndirilib, qanunvericilikdə bəbirin ovlanmasına görə cəza tədbirləri sərtləşdirilib, 2009-cu ildə isə "Bəbirin Azərbaycan Respublikası ərazisində Mühafizə Strategiyası və Fəaliyyət Planı" qəbul edilib.

Keçən 5 il ərzində Milli Fəaliyyət Planının həyata keçirilməsi nəticəsində bəbirlərin və onların qida obyektlərinin monitorinqi aparılıb, maneələrin dəf edilməsi və dəhlizlərin yaradılması üzrə strategiya işlənilib, təhlükələrin azaldılması, əhalinin maarifləndirilməsi istiqamətində işlər görülüb.

Eyni zamanda, son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılığı altında IDEA beynəlxalq ətraf mühit kampaniyasının Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş fauna növlərinin qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işləri, xüsusən bəbirin mühafizəsi ilə bağlı aparılan tədbirləri xüsusi qeyd etmək lazımdır.

Bakıda IDEA İctimai Birliyi tərəfindən təşkil olunmuş Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) bu nadir növün mühafizəsinə regional əhəmiyyətli töhfə verib. Sammitin işində dünyada pişikkimilərin mühafizəsi sahəsində tanınmış mütəxəssislərlə yanaşı, beynəlxalq ekoloji QHT-lərin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edərək, növün mühafizəsi və davamlı artımı ilə bağlı fikir mübadiləsi aparılıb, əməli təkliflər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti