...

Azərbaycanda qanunsuz ov edən şəxslərlə bağlı polis şöbələrinə müraciət edilib

Cəmiyyət Materials 11 Noyabr 2014 13:24 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda qanunsuz ov edən şəxslərlə bağlı polis şöbələrinə müraciət edib.
Azərbaycanda qanunsuz ov edən şəxslərlə bağlı polis şöbələrinə müraciət edilib

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda qanunsuz ov edən şəxslərlə bağlı polis şöbələrinə müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Neftçala rayonunun Müşfiq qəsəbəsi ərazisində ov edən naməlum şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi,1 patron götürülərək qanunamüfaviq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Neftçala rayon Polis Şöbəsinə müraciət edilib.

Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində ov edən Ağcabədi şəhər sakini Novruz Kərimov saxlanılaraq ondan 1 ov tüfəngi, 4 patron, 2 qaranaz quşu götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub, götürülmüş ov quşları isə yandırılaraq məhv edilib.

Həmin gün "Ağzıbir" ovçuluq təsərrüfatının ərazisində ov etmək istəyən naməlum şəxs ərazidə reyd keçirən Nazirliyin əməkdaşlarını görən zaman ov tüfəngini və ovladığı quşları ataraq ərazidən uzaqlaşıb. Nazirliyin əməkdaşları onu təqib etsələr də, qanun pozucusunu saxlamaq mümkün olmayıb. 1 ov tüfəngi, 200 patron, 9 ovlanmış qaşqaldaq quşu götürülərək fakt üzrə akt tərtib olunub və götürülmüş ov quşları yandırılaraq məhv edilib. Təqsirkarın şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Şabran rayon Polis Şöbəsinə müraciət olunub.

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan daha bir naməlum şəxs saxlanılaraq ondan 1 ov tüfəngi götürülüb. Həmin şəxs barəsində akt tərtib olunaraq şəxsiyyətinin müəyyən edilməsi üçün Lənkəran rayon Polis şöbəsinə müraciət edilib.

Samux ovçuluq təsərrüfatında qanunsuz ov edən Goranboy rayon Şəmmədli kənd sakini Şakir İsgəndərov və İlisu Dövlət Təbiət Qoruğunun ərazisində ov edən Qax rayonu Qaxbaş kənd sakini Zeriko Poladaşvili saxlanılaraq onlardan 2 ov tüfəngi, 4 patron götürülüb. Akt və protokollar tərtib olunaraq həmin şəxslərin hər biri 1000 manat məbləğində cərimə edilib.

Yevlax və Lənkəran rayonları ərazisində ov edən naməlum şəxslər saxlanılıb, onlardan 2 ov tüfəngi və 14 patron götürülüb. Hər iki fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis şöbələrinə müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti