...

Birinci xanım Mehriban Əliyeva Londonda “Bu gün burada” adlı sərginin açılışında iştirak edib (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2014 07:42 (UTC +04:00)
Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı Kitab”ının 50 illik yubileyinə həsr edilmiş “Bu gün burada” (“Here Today”) adlı sərginin açılışı olub.
Birinci xanım Mehriban Əliyeva Londonda “Bu gün burada” adlı sərginin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" ("Here Today") adlı sərginin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərginin açılışında iştirak ediblər.

Trend-in AzərTAc Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib ki, bu sərgi həyatı təhlükə altında olan bütün heyvan növlərinin gözəlliyini, onların vacibliyi və müdafiəsinin önəmini vurğulamaq üçün yaxşı bir fürsətdir.
Ümumdünya Parklar Konqresinin toplantısında iştirak etmək üçün Avstraliyaya səfərini xatırladan Leyla Əliyeva gələcək nəsillərin təbiəti qorumasının vacibliyini bildirib və bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb.

Leyla Əliyeva deyib: "Biz Azərbaycanda gəncləri ətraf mühitin mühafizəsi istiqamətində maarifləndiririk. Azərbaycan qədim ənənələrə və zəngin tarixə malik olan ölkədir. Şərq ilə Qərbin qovuşuğunda yerləşən ölkəmizdə Şərqin müdrikliyi, Qərbin tərəqqisi var. Ötən müddətdə Azərbaycan tarixi İpək Yolunda əsas mərkəzə çevrilib. Azərbaycanın tolerantlıq, dialoq və yeni fikirlər ölkəsinə çevrilməsinin mədəniyyətimizin inkişafına böyük təsiri olub. Avropa, Asiya və Orta Şərq arasında nadir coğrafi mövqedə yerləşmək gözəl landşaftlar yaratmaqla təkcə mədəniyyətimizə yox, həm də təbiətimizə təsir edib. Azərbaycan qarlı dağlar, göllər, çaylar, sıx meşələr, ovalıqlar və çəmənliklər ölkəsidir. Dünyada mövcud olan on bir iqlim qurşağından doqquzu Azərbaycanda var və bu, çox zəngin biomüxtəliflik yaradır. Buna görə üç il bundan əvvəl biz "Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq" İctimai Birliyini - IDEA-nı yaratdıq. Hələ qət edəcəyimiz yolun əvvəlində olmağımıza baxmayaraq, biz artıq bir çox layihələr həyata keçirmiş və müsbət nəticələr əldə etmişik. Bizim bəzi layihələrimizə Azərbaycanda yaşayan 3 milyon gənci təmsil etmək məqsədilə 3 milyon ağacın əkilməsi, çöl ceyranının vəhşi təbiətə buraxılması və 8 mindən artıq uşağın ətraf mühiti qorumaq üçün maarifləndirilməsi kimi işlər daxildir. Biz, həmçinin təbiətimizin məşhur "beşliyi"ni müəyyən etmişik. Bu, qonur ayı, boz qurd, qartal, ceyran və Qafqaz bəbiridir".
Leyla Əliyeva Azərbaycanda Qafqaz biomüxtəlifliyi sammitinin keçirildiyini, ölkəmizin Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin üzvü olduğunu xatırladıb, hazırda isə Qafqaz bəbirini məhv olmaq təhlükəsindən qurtarmaq və təbiətə qaytarılmasını təmin etmək üçün Dünya Vəhşi Təbiəti Mühafizə Fondu, Pantera təşkilatı və bu sahədə fəaliyyət göstərən digər təşkilatlarla sıx işlərin aparıldığını bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti sərginin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını çatdırdı, təbiəti qorumağın vacibliyini bir daha qeyd etdi.

Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş tədbirin yüksək səviyyədə keçdiyini vurğulayan qurumun baş direktoru Culian Marton Lefevre bugünkü tədbirin onun üçün daha əlamətdar olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və dünyada maraqlı layihələri ilə tanınan IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın tədbirdə iştirakı sərgini daha da maraqlı edib. Baş direktor IDEA-nın layihələri barədə məlumatlı olduğunu deyərək, bu layihələrin dünyada gedən ekoloji maarifləndirmə işlərinə töhfə verdiyini diqqətə çatdırdı. Rəhbərlik etdiyi təşkilatın ötən 50 ildə uğurlu yol keçdiyini və bir çox nailiyyətlər qazandığını deyən Culian Marton Lefevre bundan sonra da planetin flora və faunasının qorunması istiqamətində mühüm tədbirlər reallaşdıracaqlarını vurğuladı. "Bu gün buradayıq, sabah da bir yerdə olaq", - deyən baş direktor təşkilatın fəaliyyətinə göstərdikləri diqqətə görə bir daha hamıya təşəkkür etdi.

Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin və "Baku" jurnalının dəstəyi ilə baş tutan sərgiyə böyük maraq göstərən London sənətsevərlərinə müasir incəsənətin müxtəlif istiqamətlərini təmsil edən əsərlər təqdim edilib. Sərgidə müxtəlif ölkələrin müasir incəsənət nümayəndələri ilə yanaşı, Azərbaycan rəssamları da təmsil olunur. Leyla Əliyeva, Aida Mahmudova, Fərid Rəsulov, Rəşad Ələkbərov sərgiyə maraqlı kompozisiyaları ilə qatılıblar. Bundan əlavə, sərgidə Corc Kondo, Teysi Emin, Endi Varol, Qavin Turk, Piter Bleyk, Duqlas Qordon, Stefani Kveyle və müasir incəsənətin digər tanınmış nümayəndələrinin nəsli kəsilməkdə olan flora və fauna növlərini əks etdirən əsərləri nümayiş etdirilir.

Sərginin keçirilməsində məqsəd ekosistemin və onun mühafizəsinin əhəmiyyəti barədə ictimai maarifləndirmə aparmaq və bu istiqamətdə sosial məsuliyyəti gücləndirməkdir. Sərgini ziyarət edənlər də o fikirdədirlər ki, burada təqdim olunan əsərlərin hər biri özlüyündə müasir dünyanın bəlasına çevrilən qlobal ekoloji təhlükənin yaratdığı risklərin azaldılmasına xidmət edir. Bu istiqamətdə Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyəti də böyük maraq doğurur. Bir sıra ekoloji problemlərin həlli, o cümlədən flora və fauna növlərinin qorunması ilə bağlı ciddi layihələr həyata keçirən IDEA-nın bu fəaliyyətinin sənətə də transfer etməsi mütəxəssislər tərəfindən maraqla qarşılanır.

Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə 160 ölkədən 1200 hökumət və qeyri-hökumət təşkilatı daxildir. Birliyin "Qırmızı kitab"ı vəhşi təbiətin, eləcə də təhlükə altında olan növlərin qlobal mühafizəsi üzrə ən əhatəli məlumat toplusu hesab edilir.

Sərgi dekabrın 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti