...

“Royal Bank”ın vəzifəli şəxslərinə hökm oxundu

Cəmiyyət Materials 27 Noyabr 2014 13:38 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Royal Bank” ASC filialının sabiq müdiri Anar Həşimov və filialın əməkdaşları - Xatirə Məmmədova, İlqar İsmayılov, cinayət işi üzrə məhkəmə başa çatıb.
“Royal Bank”ın vəzifəli şəxslərinə hökm oxundu

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Royal Bank" ASC filialının sabiq müdiri Anar Həşimov və filialın əməkdaşları - Xatirə Məmmədova, İlqar İsmayılov, cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Anar Həşimov 10 il, İlqar İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatirə Məmmədovaya 8 il 6 ay şərti cəza təyin edilib. Onun himayəsinsdə azyaşlı uşaq olmasını nəzərə alaraq cəzasının çəkilməsi 8 il müddətinə təxirə salınıb. Təqsirləndirilən şəxslərin əvvəlki cəzaları hazırkı hökmlə birləşdirilib.

Qeyd edək ki, "Royal Bank" ASC -nin "Paytaxt" filialının müdiri işləmiş Anar Həşimov depozit müqaviləsinə əsasən Yusif Abdullayev tərəfindən xəzinə mədaxil orderi ilə filiala əmanət qismində təhvil verilmiş pul üzrə əməliyyat aparılarkən əmanətçinin xəbəri olmadan xəzinə məxaric orderində sonuncunun imzasını saxtalaşdırıb, əmanətçinin 50 min 259 manat əmanət və faiz pulunu filialın xəzinəsindən qanunsuz olaraq götürüb. Digər təqsirləndirilən şəxslər də bu mənimsəmə faktı ilə bağlı Anar Həşimova köməklik göstəriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Həşimov 12 il, İlqar İsmayılov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Kamran Abdullayev 7 il, Babək Zeynalov 5 il müddətinə şərti cəza alaraq məhkəmə zalından sərbəst buraxılıb. Məhkəmə digər təqsirləndirilən Xatirə Məmmədovanın himayəsində azyaşlı uşaq olmasını nəzərə alaraq, onun barəsində təyin olunmuş 7 il müddətinə cəzanın icra edilməsini uşağın 8 yaşı tamam olana kimi təxirə salıb. Həmin hökmdən narazı qalan Anar Həşimov, Xatirə Məmmədova, İlqar İsmayılov, Kamran Abdullayev, Babək Zeynalov apelyasiya şikayəti veriblər.

Bir müddət əvvəl təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə baxılıb və qərar elan edilib. Qərara əsasən, hökm Babək Zeynalova aid hissədə dəyişdirilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 il sınaq müddəti təyin edilib və şərti olaraq azad olunub.

Hökmün digər şəxslər barəsində olan hissəsi isə dəyişdirilməyib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər. Onların müraciətinə Ali Məhkəmədə baxılıb və iş yenidən apelyasiya instansiyasında araşdırılması üçün geri qaytarılıb. Ali Məhkəmə Babək Zeynalovun barəsində çıxarılan qərarı ləğv edib, buna görə də Babək Zeynalov yenidən həbsə alınıb.

Bakı Apelyasiya Məhkəməsində işə baxan hakimlər yenidən qərar qəbul ediblər. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü yenidən dəyişdirilib. Babək Zeynalova ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməyib. Məhkəmə Babək Zeynalovun cəzasını 3 ilə endirib. Digər təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin olunmamış saxlanıb.

"Royal Bank" Açıq Səhmdar Cəmiyyətinin "Paytaxt" filialının müdiri Anar Həşimov, filialın baş mühasibi Xatirə Ağayeva və xəzinədarı İlqar İsmayılovun yeni cinayətləri üzə çıxıb. Buna görə də onların barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırma zamanı onların ümumilikdə 2 milyon 228 min 612 manatı ələ keçirmələri müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti