...

Mübariz Qurbanlı: Qaraçuxur məscidini yandıranlar öz mənhus niyyətlərinə nail ola bilməyəcəklər

Cəmiyyət Materials 28 Noyabr 2014 11:46 (UTC +04:00)
Qaraçuxur məscidini yandıranlar öz mənhus niyyətlərinə nail ola bilməyəcəklər.
Mübariz Qurbanlı: Qaraçuxur məscidini yandıranlar öz mənhus niyyətlərinə nail ola bilməyəcəklər

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İlkin İzzət/

Qaraçuxur məscidini yandıranlar öz mənhus niyyətlərinə nail ola bilməyəcəklər. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün jurnalistlərə açıqlamasında bildirib.

Dövlət Komitəsinin sədri Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki məscidin yandırılması ilə bağlı mövqeyini açıqlayıb: "Biz bu cür hərəkətləri qətiyyətlə pisləyirik. Bununla bağlı hüquq-mühafizə orqanlarımız araşdırma aparırlar. Bu araşdırmaların ilkin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları məlumatlarını veriblər. Həmin hadisə baş verdikdən dərhal sonra oraya gedənlərin arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov da olub və bu gün də oradadır. Biz orada icmanın rəhbərliyi, nümayəndələri ilə, o cümlədən Qaraçuxur məscidinin axundu ilə əlaqə saxlayırıq. Hazırda məscid öz fəaliyyətini davam etdirmək üçün hazırdır".

Onun sözlərinə görə, bu cür cəhdlərin arxasında kimlərin durmasından asılı olmayaraq, bütün cəmiyyət bunu pisləyir: "Hesab edirəm ki, bu cür cəhdləri edənlər mənhus niyyətlərinə nail ola bilməyəcəklər. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhkəm ictimai-siyasi, dini sabitlik var. Bunlar hansısa dini, məzhəblərarası qarşıdurmanın nəticəsi deyil. Burada hansısa qruplar var ki, bu vasitə ilə öz mənhus niyyət və planlarını reallaşdırmaq istəyirlər. Bizim hüquq-mühafizə orqanlarımızın apardığı əməliyyatlar nəticəsində bu cür hərəkətlərin qarşısını qətiyyətlə alacağıq".

M.Qurbanlı əlavə edib ki, məscidə qarşı bu cür təxribat hərəkətlərinin törədilməsi həm dini icmalarda, həm də insanlar arasında heç bir panika yarada bilməz və yaratmayacaq: "Cəmiyyətdə də bütün qurumlar bu hərəkəti pisləyiblər. Hesab edirəm ki, bu günlərdə bu hərəkəti edənlər aşkar olunacaq və ifşa ediləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti