...

Azərbaycanda tikinti üçün müvafiq sənədlərin alınması asanlaşdırıldı (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2014 11:29 (UTC +04:00)
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin yeni inzibati binasının açılışı olub.
Azərbaycanda tikinti üçün müvafiq sənədlərin alınması asanlaşdırıldı (FOTO)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin yeni inzibati binasının açılışı olub.

Trend-in məlumatına görə, açılışda fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib.

Nazir yeni inzibati binada yaradılan şəraitlə tanış olub.

Açılış mərasimində qeyd edilib ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə lazımi rəyin alınması üçün vətəndaşlar və hüquqi şəxslərin işi bundan sonra daha asan olacaq. Onlar müvafiq sənədlər üçün artıq bir neçə təşkilata getmək məcburiyyətində qalmayacaqlar. Belə ki, yeni inzibati binada FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Mühəndis Geologiyası Mərkəzinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, eləcə də Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri də fəaliyyət göstərəcəklər.

Hündürlüyü 12 metrdən yuxarı olan yaşayış və qeyri-yaşayış sahələrinə aid binalar üçün buradan müvafiq rəylər alınacaq.

Bu gün Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının da açılışı olub.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının rəmzi açılışını bildirən qırmızı lenti kəsmişdir. Tibb Mərkəzinin yeni inzibati binası zirzəmi və üç mərtəbədən ibarət olmaqla ən müasir standartlara uyğun inşa olunmuş, bina ən son tibbi avadanlıqlarla təchiz edilmişdir. Zirzəmidə şüa-diaqnostika bölməsi, laboratoriya bölməsi, EKQ, EXOEKQ kabineti, cərrah otağı, aptek, sterilizasiya, anbarlar və digər köməkçi otaqlar yerləşir. Şüa-diaqnostika bölməsində rentgenskopiya, rentgenqrafiya, flüoroqrafiya, dental ortopantomoqrafiya, dental 3D kompüter tomoqrafiyası və ultrasəs müayinələri aparılır. Laboratoriya bölməsində qanın ümumi və biokimyəvi analizi, qanda test və immunoferment üsulu ilə infeksiyaların təyini, infeksiyaların polimeraz zəncir reaksiyası üsulu ilə təyini və digər analizlər aparılır.

Birinci mərtəbədə Mərkəzin inzibati hissəsi və Poliklinika şöbəsi yerləşir. İkinci mərtəbədə nazirliyin Xüsusi Həkim Ekspertiza Komissiyası, plazmaferez, stomatologiya, fibroqastroduodenoskopiya və kolonoskopiya kabineti və Mərkəzin Stasionar şöbəsinin terapiya bölməsi yerləşir. Üçüncü mərtəbədə Mərkəzin Stasionar şöbəsinin cərrahiyyə bölməsi, 5 çarpayıdan ibarət reanimasiya və intensiv terapiya bölməsi, üç əməliyyat otağından ibarət əməliyyat bloku və mətbəx yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti