...

Təhsil Nazirliyi yazıçılara müraciət etdi

Cəmiyyət Materials 16 Dekabr 2014 13:52 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Yazıçılar Birliyi, müvafiq ittifaqlar və yazıçılara müraciət edib.
Təhsil Nazirliyi yazıçılara müraciət etdi

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Yazıçılar Birliyi, müvafiq ittifaqlar və yazıçılara müraciət edib.

Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, yeni hekayələrin yazılmasına ehtiyac var: "Təhsil Nazirliyi olaraq, dövlət adından Yazıçılar Birliyinə, müvafiq ittifaqlara, yazıçılara müraciət edirik ki, rəqabət prinsipləri əsasında uşaq ədəbiyyatının yeni hekayələrinin, müasir formatda olan ənənəvi hekayələrin, nağılların yaradılmasına böyük ehtiyacımız var. Bu ehtiyacı öz tərəfimizdən duyuruq. Bütün təşkilati məsələləri - onların nəşrindən tutmuş məktəblərə, uşaq kitabxanalarına, elektron resurslara yerləşdirilməsini həyata keçirəcəyik".

Nazir bu gün uşaq ədəbiyyatına marağın az olması ilə də razılaşmayıb: "Mən düşünmürəm ki, bugün uşaq ədəbiyyatına maraq yoxdur. Biz istər ölkədə, istər regionda müasir dövrdə yazılan uşaq ədəbiyyatına nəzər saldıqda görərik ki, bu gün tirajlarla satılan, nəşr olunan, hətta filmlər şəklində ekranlara çıxan uşaq ədəbiyyatı əsərlərinin sayı və tirajları artır".

M.Cabbarov bildirib ki, bu məsələ ilə bağlı məzmunun yaradılması təhsil məmurları, işçiləri tərəfindən həyata keçirilə bilməz. Onun sözlərinə görə, nazirlik nə müəllim, nə məktəb direktoru qarşısında yeni, dünya səviyyəli uşaq ədəbiyyatı yaratmaq məqsədini qoya bilməz: "Qoysaq da, bu, düzgün olmaz. Çünki xalqımızın hər zaman çox gözəl şair, yazıçıları olub".

Nazir əlavə edib ki, bu gün bir çox məktəblərdə mütaliə klubları yaradılır. Bu yaxınlarda uşaq ədəbiyyatı ilə bağlı müsabiqə də elan edilib. Bu müsabiqə yeni əsərlərin, uşaq ədəbiyyatının yaradılmasına marağı oyatmağa və canlandırmağa yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti