...

Son 4 il ərzində nəzarət olunan çimərlik ərazilərində suda batma halları baş verməyib

Cəmiyyət Materials 16 Dekabr 2014 16:08 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları 11 ay ərzində 675 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər.
Son 4 il ərzində nəzarət olunan çimərlik ərazilərində suda batma halları baş verməyib

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İlkin İzzət/

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları 11 ay ərzində 675 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər. Trend xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə FHN-in Mərkəzi aparatında keçirilən kollegiya iclasında deyib.

Nazirin sözlərinə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları bu ilin 11 ayı ərzində yol-nəqliyyat hadisəsi, çoxmənzilli yaşayış binasında partlayış, partlamamış silah-sursat aşkarlanması, texnogen mənşəli yanğın, həyat təminatlı kommunal sistemlərdə qəzalar, mənzildə qaz sızması, intihara cəhdin qarşısının alınması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 675 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər: "Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 257-si uşaq olmaqla 651 nəfər zərərçəkmiş xilas edilib, 68 nəfər zərərçəkmişə ilkin yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilib".

Partlayıcı maddələrin və hərbi sursatların aşkar olunduğu ərazilərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib.

K.Heydərov qeyd edib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 85 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 204 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılıb.

Hesabat dövründə Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 142 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 119 nəfər olmaqla cəmi 261 nəfər xilas edilib. Nəzarət olunmayan çimərlik ərazilərində həlak olmuş 73 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Görülən tədbirlər sayəsində son 4 il ərzində nəzarət olunan çimərlik ərazilərində suda batma halları baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti