...

FHN bu il 3500-dən çox obyektdə yoxlama aparıb, təqribən yarısında pozuntu aşkar edilib

Cəmiyyət Materials 16 Dekabr 2014 16:43 (UTC +04:00)
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin (FHN) müxtəlif sahələrdə həyata keçirdiyi yoxlamalar barədə məlumat verib.
FHN bu il 3500-dən çox obyektdə yoxlama aparıb, təqribən yarısında pozuntu aşkar edilib

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İlkin İzzət/

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin (FHN) müxtəlif sahələrdə həyata keçirdiyi yoxlamalar barədə məlumat verib.

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə FHN-in Mərkəzi aparatında keçirilən kollegiya iclasında çıxış edən K.Heydərov qeyd edib ki, 2014-cü ilin 11 ayı ərzində neft və qazçıxarma sənayesində, maye və təbii qaz obyektlərində, qazma, qaldırıcı və energetika qurğularında, Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti sahələrində, metallurgiya, kimya, neft-kimya və neft-qaz emalı sənayesində, taxıl məhsulları müəssisələrində, təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalında və emal sənayesində, təhlükəli yüklərin avtonəqliyyat vasitələri və dəmiryol nəqliyyatı ilə daşınmasında, magistral boru kəmərlərində və digər bu kimi sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədilə 3554 müəssisədə 36 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib: "Nəticədə 14 mindən artıq pozuntu aşkar edilib, 4236 qurğu və avadanlığın istismarına müvəqqəti qadağa qoyulub. Təhlükəsizlik-istismar qaydalarının əməl olunmasına 2642 göstəriş aktı verilib. Həmçinin 7 min nəfərə yaxın fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb".

Nazirin sözlərinə görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikintidə mövcud qanunvericiliyə əməl edilməsi, tikinti obyektlərində təhlükəsizlik, tikinti norma və prinsiplərinə nəzarət sahəsində işlər davam etdirilib: "Bu il 3350 obyektə texniki baxış keçirilib, onlardan 1699 obyektdə qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib".

K.Heydərov bildirib ki, əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə cari ildə 180 sənaye, elmi tədqiqat və tibb müəssisəsində nəzarət-yoxlama həyata keçirilib, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülən işlər nəzarətdə saxlanılıb: "Həmçinin radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 43 müəssisədə 188 radioaktiv mənbənin dozimetrik nəzarəti həyata keçirilib".

Onun sözlərinə görə, "İzotop" xüsusi kombinatı tərəfindən tərkibində şüalanma mənbəyi olan 2258 müxtəlif qurğu və cihazlarla ölkə daxili nəql edilmiş ümumi çəkisi 1360 kq olan radioaktiv maddələrlə çirklənmiş xüsusi və fərdi mühafizə vasitələri dezaktivasiya olunub: "2014-cü ilin ötən dövrü ərzində fiziki və hüquqi şəxslərə məxsus 1800 kiçik həcmli gəmi texniki baxışdan keçirilib, 488 gəminin sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılıb və onlar dövlət qeydiyyatına alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti