...

Kəmaləddin Heydərov: FHN əməkdaşları Azərbaycan xalqının təhlükəsiz şəraitdə yaşaması, işləməsi, istirahət etməsi üçün çalışır

Cəmiyyət Materials 16 Dekabr 2014 17:02 (UTC +04:00)
Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə nazirliyin Mərkəzi aparatında kollegiya iclası keçirilib.
Kəmaləddin Heydərov: FHN əməkdaşları Azərbaycan xalqının təhlükəsiz şəraitdə yaşaması, işləməsi, istirahət etməsi üçün çalışır

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İ.İzzət/

Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə nazirliyin Mərkəzi aparatında kollegiya iclası keçirilib.

Trend xəbər verir ki, iclas Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

O, qeyd edib ki, müstəqil və qüdrətli Azərbaycanın banisi və memarı olan ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində baş verən ən müxtəlif fövqəladə hadisələrə çevik və uzaqgörən reaksiyası, çətin vəziyyətə düşən vətəndaşların daim yanında olması xalqın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə hər zaman verdiyi böyük dəyərin göstəricisi idi: "Ümummilli liderin bu dəst-xəttini bu gün böyük inam və məharətlə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Fövqəladə Hallar Nazirliyinin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunması dövlət başçısının bizə göstərdiyi xüsusi diqqət və qayğının bariz göstəricisi olmaqla, bizi daha səmərəli fəaliyyət göstərməyə ruhlandırır".

K.Heydərovun sözlərinə görə, ötən dövr ərzində əldə edilən bütün uğurlar məhz dövlət başçısının adı ilə bağlıdır.

Nazir deyib ki, ötən illər ərzində FHN-in maddi-texniki bazasının gücləndirilməsi, strukturunun optimallaşdırılması, texniki təchizatının və kadr potensialının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib: "Təkcə cari ildə Bakı şəhərində və regionlarda yerləşən qurumlarda əsaslı təmir və yenidənqurma işləri davam etdirilib, bir sıra inzibati və xidməti bina və qurğular tikilərək istismara verilib".

Qeyd edilib ki, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələrin qurulması və möhkəmləndirilməsi işləri davam etdirilib, cari ildə bu istiqamətdə bir sıra sazişlər imzalanıb.

FHN-in fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin şəxsi heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən K.Heydərov dövlət başçısını əmin edib ki, ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təminatı, maddi və mədəni sərvətlərimizin mühafizəsi, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin təmin edilməsi kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.

FHN rəhbəri bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı hər kəs öz üzərinə düşən vəzifələri layiqincə icra etməldir.
Nazir qeyd edib ki, gələn il çox məsuliyyətli ildir. Heç vaxt Avropa Olimpiya Oyunları keçirilməyib, bu, ölkəmizə diqqətin təzahürüdür: "Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Təsadüfi deyil ki, Avropa Olimpiya Oyunları üçün Azərbaycan seçilib. Nazirliyin bütün qurumlarının rəhbərləri bilirlər ki, mühafizə işlərinin görülməsi nə dərəcədə vacibdir. Ölkəyə çoxlu sayda qonaqlar, nümayəndələr gələcəklər. Bu işlə bağlı hər kəs öz üzərinə düşən vəzifələri layiqincə icra etməldir".

K.Heydərov qeyd edib ki, bu gün FHN əməkdaşları Azərbaycan xalqının təhlükəsiz şəraitdə yaşaması, işləməsi və istirahət etməsi üçün çalışır: "Bir daha FHN şəxsi heyəti və öz adımdan Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür etmək istəyirəm. Prezident nazirliyin müasir avadanlıqlarla təmin olunmasına, kadr potensialının inkişafına xüsusi diqqət yetirib".

Nazir gələn il FHN-in yaranmasının 10 ilinin tamam olacağını xatırladıb: "Adətən, bizə işimizin az olmasını arzulayırlar. Pis hadisələr az olsun, vaxtınızı, işinizi bacarığınızı artırmağa, elmi potensialınızı, biliklərinizi artırmağa sərf edəsiniz".

Mərasimdə Prezident İlham Əliyevin FHN-in əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunub.

Sonra nazirliyin xidmətdə fərqlənən bir qrup əməkdaşına mükafatlar verilib.

Tədbirdə nazirliyin 2015-ci il üçün Fəaliyyət Planı da təsdiqlənib.

Tədbirin sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti