...

Azərbaycanda "halal" sözü ilə markalanmış kolbasalarda donuz əti və piyi aşkar edilib

Cəmiyyət Materials 18 Dekabr 2014 09:43 (UTC +04:00)
“Halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib.
Azərbaycanda "halal" sözü ilə markalanmış kolbasalarda donuz əti və piyi aşkar edilib

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İlkin İzzət/

"Halal" sözündən istifadə edərək markalanmış "Kristal CF" əmtəə nişanlı "Baranina" kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan monitorinq zamanı ticarət şəbəkəsindən nümunə olaraq götürülmüş "Orxan-SS" firmasının istehsal etdiyi "Kristal CF" əmtəə nişanlı "Baranina" kolbasasının laboratoriyada sınaqları aparılıb.

Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST ) laboratoriyasında DNT ekstraksiyası üsulu ilə aparılan müayinələr nəticəsində üzərində "halal" sözü yazılmış "Kristal CF" əmtəə nişanlı yarım hisə verilmiş "Baranina" kolbasasının tərkibində AZS 731-2012 "Halal qida" standartına zidd olaraq donuz əti və piyi aşkar edilib. Hazırda faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

İstehlakçılar arasında "halal" nişanlı məhsullara inamın azalması və istehlakçıların çaşdırılması ilə nəticələnən belə halların qarşısını almaq məqsədilə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri aparılır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçıları onlarda şübhə yaradan, müvafiq sənədləri olmayan məhsulları almamağa, bu cür hallarla qarşılaşdıqda Komitəyə müraciət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti