...

AMEA prezidenti orta məktəblərdə bəzi tendensiyalardan narahatdır

Cəmiyyət Materials 19 Dekabr 2014 12:10 (UTC +04:00)
Elmin bugünkü problemlərinin həlli üçün üzümüzü orta məktəbə tutmalıyıq.
AMEA prezidenti orta məktəblərdə bəzi tendensiyalardan narahatdır

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İlkin İzzət/

Elmin bugünkü problemlərinin həlli üçün üzümüzü orta məktəbə tutmalıyıq. Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayının açılışında çıxışı zamanı deyib.

AMEA prezidentinin fikrincə, məktəblər də islahat prosesindədir: "Orta məktəb müəllimləri bəlkə də hamıdan gözəl başa düşürlər ki, bu informasiya məkanında uşaqlara düzgün təhsil vermək üçün onlara ilk növbədə həyat boyu maariflənmək və təhsilinin səviyyəsini artırmaq qabiliyyətini aşılamaq lazımdır".

A.Əlizadə qeyd edib ki, bugünkü təhsilimizdə yeni innovasiya tutumlu texnologiyalara ehtiyac duyulur: "Virtual məkandakı təhsil interaktivliyin tamamilə yeni səviyyəsini bərqərar etməyə imkan verir, biliklərə yiyələnmə prosesini olduqca maraqlı edir".

Akademik bəzi məsələlərdən ciddi narahat olduğunu gizlətməyib: "Yalnız yeniləşən məktəb Azərbaycan elminin inkişafı üçün hava-su kimi lazım olan şəxsiyyəti formalaşdıra bilər. Lakin faktlar göstərir ki, şagirdlər arasında iqtisadi və humanitar elmlərə maraq artır, fizika, riyaziyyat və təbiət elmlərinə maraq isə gündən-günə azalır. Sözsüz ki, bu üçlük - orta məktəb-universitet-Elmlər Akademiyası öz fəaliyyətini elə qurmalıdır ki, gələcək alimi biz 7-8-ci sinifdə aşkar edib, onunla işləməyə başlayaq. Yalnız belə olan halda biz bugünkü mənfi tendensiyaları sındırıb yeni istedadlı nəslin elmə gəlməsini təmin edə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti