...

Əbülfəs Qarayev: “Biz razı ola bilmərik ki..”

Cəmiyyət Materials 19 Dekabr 2014 17:05 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türksoylu ölkələri mədəni irsinin qorunmasında birgə addımlamağa və müştərək layihələr təqdim etməyə çağırıb.
Əbülfəs Qarayev: “Biz razı ola bilmərik ki..”

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türksoylu ölkələri mədəni irsinin qorunmasında birgə addımlamağa və müştərək layihələr təqdim etməyə çağırıb.

Trend-in məlumatına görə, Ə.Qarayev bu çağırışla TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli missiya və komitələrinin 5-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan nümayəndə heyətləri ilə görüşərkən çıxış edib.

TÜRKSOY-a üzv ölkələrin UNESCO ilə əlaqələrindən söz açan nazir qeyd etdi ki, bu istiqamətdə daha genişmiqyaslı layihələr həyata keçirilməli, birgə əməkdaşlıq məsələləri üzərində işlər aparılmalıdır.

Ə.Qarayev bildirib ki, ötən il qurumun fəaliyyətini dəstəkləmək məqsədilə Azərbaycan dövləti tərəfindən UNESCO-nun hesabına vəsait köçürülüb: "Bu vəsait bizim təqdim etdiyimiz layihə, o cümlədən türk dünyasının mədəni və qeyri-maddi irsinin qorunub saxlanmasına xərclənəcək. Hesab edirik ki, bu, düzgün bir addımdır. TÜRKSOY-la uzunmüddətli əlaqələr də öz bəhrəsini verir. Təşkilatın 20 ildən artıq fəaliyyəti dövründə bu əlaqələr daim inkişafdadır. Dekabrı Azərbaycanda TÜRKSOY ayı da adlandırmaq olar. Çünki ay ərzində Bakıda təşkilatın bir sıra tədbirləri həyata keçirildi".

TÜRKSOY-la əməkdaşlığın davamlı olacağını diqqətə çatdıran nazir bildirdi ki, hər bir xalq öz kökünün müqəddəsliyini qoruyub saxlamaq istəyir: "Buna görə də biz səylərimizi birləşdirib türksoylu ölkələrin mədəni irsinin qorunmasında birgə addımlamalı və müştərək layihələr təqdim etməliyik. Biz razı ola bilmərik ki, tarix və mədəniyyətimizə özgələr sahib çıxsın. Bizi nə birləşdirir? Kökümüz, dinimiz, mədəniyyətimiz, tariximiz, dilimiz. Bütün xalqlara məxsus eyni qəhrəman, eyni adət-ənənələr və bunlar da bizi birləşdirən əsas faktorlardır. Ümumi fəxrimiz olan sahələr üzərində birgə çıxışlarımız və onların qorunmasında həmrəy olmağımız mütləqdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti